
27 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Muğanlı kənd” və “Ağgöl kənd” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev qeyd edib ki, Azərbaycanın ictimai-siyasi həyatında mühüm yer tutan Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkənin müasir inkişaf mərhələsinin, dövlətçilik ənənələrinin, milli maraqların və gələcək strateji hədəflərin müzakirəsi baxımından əhəmiyyətli hadisədir. 2 oktyabr 2026-cı ildə Bakıda keçirilən qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev nitq söyləyərək ölkənin keçdiyi inkişaf yoluna, mövcud siyasi və geosiyasi şəraitə, dövlətin qarşısında duran prioritet vəzifələrə toxunmuşdur.
Daha sonra çıxış edən natiqlər – “Muğanlı kənd” Ərazi Partiya Təşkilatının sədri Elvin Əhmədov, Muğanlı kənd tam orta ümumtəhsil məktəbin müəllimi Mustafa Əfəndiyev və partiya üzvü Elbrus Bağırov bildiriblər ki, Qurultayda səsləndirilən fikirlər dövlət idarəçiliyi, milli təhlükəsizlik, iqtisadi inkişaf, sosial rifah, ərazi bütövlüyü və suverenliyin qorunması, informasiya mühitində baş verən dəyişikliklər, gənclərin ictimai həyatda iştirakı və işğaldan azad edilmiş ərazilərin gələcək inkişafı kimi istiqamətlər üzrə müzakirələr üçün əsas yaradır. Bu baxımdan nitqdə qeyd olunan məsələlərin mahiyyətinin öyrənilməsi, onların ictimaiyyətə izah edilməsi və müvafiq fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi aktual əhəmiyyət daşıyır.




