- Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri cənab İlham Əliyevin YAP-nın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı 26 oktyabr 2026-cı il tarixində Şəki şəhər 12 nömrəli tam orta ümumtəhsil məktəbin akt zalında YAP Şəki rayon təşkilatının “Dağdibi” ərazi partiya təşkilatının (ƏPT) iclası keçirilib.
İclasda Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının və məktəbin rəhbərliyi, əməkdaşlar, ƏPT-nın qeydiyyatında olan partiya üzvləri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, məktəbin direktor müavini Bəhruz Musayev, Qurultay nümayəndəsi, ƏPT sədri Rafiq Abdullayev, məktəbin metodisti,riyaziyyat müəllimi Samir Hacıyev, məktəbin ingilis dili müəllimi, məktəb həmkarlar ittifaqı komitəsinin sədri, partiya fəalı İlhamə Kərimova, məktəbin tarix müəllimi Vüsalə Zahidova çıxış ediblər.
Çıxışlarda Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı mühüm rolu, Partiyanın VIII Qurultayında qarşıya qoyulan vəzifələr və Prezident İlham Əliyevin nitqindən irəli gələn əsas istiqamətlər barədə ətraflı bəhs olunub. Qeyd edilib ki, YAP-ın qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsi partiya üzvlərinin fəallığından, siyasi məsuliyyətindən, dövlətçilik prinsiplərinə sədaqətindən və cəmiyyətlə sıx əlaqələrin möhkəmləndirilməsindən bilavasitə asılıdır.
Natiqlər Azərbaycanın əldə etdiyi siyasi, iqtisadi və sosial nailiyyətlərin, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinin, milli maraqlara əsaslanan siyasətin və dövlətçilik ənənələrinin qorunmasının əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, partiya üzvlərinin üzərinə düşən vəzifələr, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, təhsil sahəsində keyfiyyətin yüksəldilməsi və ictimai fəallığın artırılması məsələlərinə toxunulub.
İclasda vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirilən hədəflərin reallaşdırılması hər bir partiya üzvündən məsuliyyətli yanaşma, təşəbbüskarlıq və fəal iştirak tələb edir. Bu baxımdan, ərazi partiya təşkilatlarının fəaliyyəti, üzvlər arasında həmrəyliyin gücləndirilməsi və qarşıya qoyulan vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.
Sonda partiya fəaliyyətinin daha da gücləndirilməsi, VIII Qurultayda səsləndirilən fikirlərin və müəyyənləşdirilən vəzifələrin yerlərdə təbliği istiqamətində işlərin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Back to top button