Azərbaycanın 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. Dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyəti illərində infrastruktur sahələrindən biri kimi nəqliyyat sektoruna irihəcmli investisiyaların yönəldilməsi nəticəsində yeni hava limanları, körpülər, tunellər və yol qovşaqları tikilib, beynəlxalq standartlara uyğun müasir avtomobil və dəmir yolları çəkilib.
Son 19 ildə tranzit potensialının reallaşdırılması istiqamətində də genişmiqyaslı layihələr gerçəkləşdirilib, o cümlədən, Avropa–Qafqaz–Asiya (TRASECA) nəqliyyat dəhlizinin fəaliyyəti gücləndirilib, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalı istifadəyə verilib, Şimal–Cənub, Şərq–Qərb nəqliyyat dəhlizlərinin respublikamızdan keçən hissəsində bu önəmli infrastrukturların səmərəliliyini artırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirilib.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyevin gerçəkləşdirdiyi nəqliyyat-logistika layihələri sırasında son illərdə ən yeni texnoloji standartlara uyğun inşa edilən gəmiqayırma zavodunun işə salınması, Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yaradılan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) donanmasında gəmilərin sayının getdikcə artırılması istiqamətində görülən tədbirlər xüsusi yer tutur.
Qeyd edək ki, hazırda Xəzər hövzəsində respublikamıza məxsus ən böyük mülki donanma ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları da iqtisadi inkişafda xüsusi əhəmiyyətə malikdir. Gəmilərin inşasında yerli gəmiqayırma sənayesinin dəstəklənməsi məqsədilə regionda ən müasir və unikal gəmi tikintisi potensialına malik Bakı gəmiqayırma zavodunun imkanları isə daha çox diqqət çəkir.
Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin bərələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olmaqla, Xəzərin Şərq və Qərb sahillərindəki dəmir yollarını dəniz üzərində birləşdirir, Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına, ölkənin əlverişli coğrafi mövqeyi və tranzit potensialının reallaşdırılmasına xidmət edir. Yuxarıda adı çəkilən QSC-nin donanması isə həm vaqon, həm də avtomobil yükləri üçün Xəzər dənizində körpü rolunu oynayır və bu imkandan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaları həyata keçirən hər bir istifadəçi yararlanır.
Gəmiçilik sahəsində əldə edilən mühüm uğurlardan biri olan Bakı gəmiqayırma zavodunun 2013-cü ildə istismara verilməsi həm də Azərbaycan hökumətinin yeni gəmilərin alınması istiqamətində idxaldan asılılığını aradan qaldırıb. Onu da qeyd edək ki, respublikamızda belə bir müəssisənin yaradılması Xəzər dənizinin spesifik xüsusiyyətlərini və bu hövzədə mövcud liman infrastrukturlarının texniki imkanlarını nəzərə almaqla, nadir layihələrin və yeni konsepsiyalar əsasında bütün növ gəmilərin tikintisinə imkan verir. Azərbaycan əlavə maliyyə vəsaitlərini cəlb edərək dəniz limanımızın və dəmir yolu infrastrukturunun imkanlarının artırılmasına nail olmağa çalışır. Bu sahədə Türk dövlətləri şirkətləri ilə tərəfdaşlıq ölkəmizin nəqliyyat və logistika imkanlarının genişlənməsinə töhfə verəcəkdir.