Sosial

Siyəzəndə Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş “Xəmsə” turniri keçirilib

25 may 2026-cı il tarixində Siyəzən rayonunda ilk dəfə olaraq rayon ümumtəhsil müəssisələrində fəaliyyət göstərən təhsil işçiləri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş “Xəmsə” milli intellektual oyununun final mərhələsi keçirilmişdir. Tədbir rayonun ictimai həyatında əlamətdar hadisə kimi yadda qalmış, iştirakçılar tərəfindən böyük maraq və yüksək əhvali-ruhiyyə ilə qarşılanmışdır.

 

Yarış Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatı, Quba-Xaçmaz Regional Təhsil İdarəsi Siyəzən rayonu üzrə təhsil sektoru, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Siyəzən Rayon Komitəsinin birgə təşkilatçılığı ilə baş tutmuşdur. Tədbirin əsas məqsədi ümummilli lider Heydər Əliyevin zəngin irsinin təbliği, müəllimlər arasında əməkdaşlıq münasibətlərinin gücləndirilməsi, intellektual biliklərin artırılması və müstəqillik ruhunun daha geniş şəkildə aşılanması olmuşdur.

 

İntellektual yarışda rayonun müxtəlif ümumtəhsil müəssisələrini təmsil edən ümumilikdə 17 komanda iştirak etmişdir. Gərgin və maraqlı mübarizə şəraitində keçən mərhələlərdən sonra ən güclü komandalar finala vəsiqə qazanmışdır. Final mərhələsində iştirak edən komandalar öz bilik və bacarıqlarını nümayiş etdirərək qalibiyyət uğrunda böyük əzmlə mübarizə aparmışlar.

 

Yekun nəticələrə əsasən Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin “Xarı Bülbül” komandası bütün rəqiblərini qabaqlayaraq yarışın qalibi olmuşdur. Komandanın nümayiş etdirdiyi yüksək intellektual hazırlıq, çevik düşüncə və komanda ruhu iştirakçılar və tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılanmışdır.

 

İkinci yeri Böyük Həmyə kənd orta məktəbinin komandası, üçüncü yeri isə Məşrif kənd tam orta məktəbinin komandası qazanmışdır. Qalib komandalar diplom və mükafatlarla təltif edilmiş, onların uğurları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.

 

Tədbir boyu milli-vətənpərvərlik ruhu, birlik və həmrəylik hissi xüsusi şəkildə hiss olunmuşdur. Çıxış edənlər qeyd etmişlər ki, belə intellektual yarışlar müəllimlərin bilik və dünyagörüşünün inkişafına, təhsil müəssisələri arasında sağlam rəqabət mühitinin formalaşmasına mühüm töhfə verir. Eyni zamanda bu cür tədbirlər gənc nəslə milli-mənəvi dəyərlərin aşılanması baxımından da böyük əhəmiyyət daşıyır.

 

Tədbirin sonunda təşkilatçılar bütün iştirakçılara, müəllimlərə və dəstək göstərən şəxslərə minnətdarlıqlarını bildirmiş, gələcəkdə də bu tip layihələrin davamlı şəkildə keçiriləcəyini vurğulamışlar. Qeyd olunmuşdur ki, “Xəmsə” milli intellektual oyunu yalnız bilik yarışı deyil, həm də milli birlik, vətənə bağlılıq və Azərbaycançılıq ideologiyasının təbliği baxımından mühüm platformadır.

Tamerlan Qurbanov,
YAP Siyəzən rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button