Siyasət

Bu şəxslərə əlavə 5 gün məzuniyyət veriləcək – Prezident qanunu təsdiqlədi

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər üçün güzəştlər müəyyənləşib.

Aktualinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, xüsusi rütbəli şəxslər istisna olmaqla, işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssis peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədi və son 60 ay ərzində ən azı 24 ay əmək stajı olan və işğaldan azad edilmiş ərazilərdə əmək müqaviləsi (kontraktı) əsasında işləyən şəxsdir.

İşğaldan azad edilmiş ərazilərində 5 il müddətində – 1 yanvar 2023-cü ildən 1 yanvar 2028-ci ilədək işləyən mütəxəssislər aşağıdakı şərtlər birgə mövcud olduğu hallarda bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malik olacaqlar:

– mütəxəssislərin əmək müqaviləsi (kontraktı) bağladıqları işəgötürən (o cümlədən hüquqi şəxs olduqda onun Vergi Məcəlləsinə uyğun olaraq uçota alınmış filialı, nümayəndəliyi) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində vergi uçotunda olduqda;

– mütəxəssislərin əmək müqaviləsi (kontraktı) üzrə iş yeri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə yerləşdikdə;

– mütəxəssislər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məskunlaşdıqda;

Yuxarıda qeyd olunan şərtlər pozulduqda güzəştlərin və imtiyazların tətbiqi dayandırılacaq.

Bu mütəxəssislər xüsusi şəraitdə tətbiq edilən əmək haqqı alanlar kateqoriyasına daxil edilir. Başqa sözlə, azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən ediləcək.

Eyni zamanda, layihəyə əsasən, işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin əlavə məzuniyyəti hüququ da müəyyənləşir, onlara əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət veriləcək.

Bu mütəxəssislərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir.

Oxşar Xəbərlər

Back to top button