
25 oktyabr Qubadlı Şəhəri Günüdür. Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir. Rayonun sahəsi 802 kvadrat kilometrdir. Səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. İşğala qədər bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Rayonun ərazisindən Bərgüşad, Həkəri və onların qolları (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və s.) axır. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur.
1988-ci ildən başlayaraq Еrmənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yеrləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilmişdir. 1993-cü il avqustun 31-də rayon ermənilər tərəfindən tamamilə işğal olunmuşdur. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınmışdır. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.
25 oktyabr tarixi 44 günlük İkinci Qarabağ müharibəsinin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi.
Azad Qubadlı hazırda bərpa-quruculuq dövrünü yaşayır. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2025-ci il 9 sentyabrda “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Bu ilin iyununda Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin tikintisinə başlanılıb. Hazırda ərazidə tikinti işləri sürətlə davam etdirilir. Yaşayış kompleksinin ümumi ərazisi 3,34 hektardır. Layihəyə əsasən, burada ümumilikdə 21 yaşayış binasının inşası nəzərdə tutulub. Binalarda 176 mənzil yerləşəcək. Onlardan 14-ü üçmərtəbəli, 7-si isə dördmərtəbəli olacaq. Mənzillər əsasən iki və üçotaqlıdır. Hazırda 21 binadan və 176 mənzildən ibarət yaşayış kompleksinin bünövrə işləri tamamlanıb. Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılır. Qubadlı-Eyvazı avtomobil yolu Qubadlı rayonunun Mahmudlu, Xıdırlı, Müskanlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir. 28,5 kilometr uzunluğa malik Qubadlı-Eyvazlı avtomobil yolu 2 zolaqlı olmaqla, III texniki dərəcəyə uyğun inşa edilir. 2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyev “Yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladı.
Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Bu proqramın əsas hədəflərindən biri keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və mərhələli qayıdışını təmin etməkdir. Qubadlı şəhərində də bütün işlər planlı şəkildə həyata keçirilir. Tezliklə Qubadlı sakinləri də öz doğma şəhərlərinə qayıtmağın sevincini və qürurunu yaşayacaqlar.
Mehdi Balabəyov,
YAP Şabran rayon təşkilatının sədri



