
25 Oktyabr Azərbaycan xalqının yaddaşında mühüm tarixi hadisə kimi yaşayır. Bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasının ildönümü qeyd edilir. Qubadlının azadlığı xalqımızın iradəsinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və Vətən uğrunda göstərilən fədakarlığın parlaq təcəssümüdür.
Qubadlı şəhərinin azad edilməsi 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin mühüm səhifələrindən biridir. Müzəffər Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində torpaqlarımızın işğalına son qoyulması ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində böyük əhəmiyyət daşıyıb.
Bu tarixi qələbə Azərbaycan xalqının birliyini, həmrəyliyini və milli ruhunu bir daha nümayiş etdirdi. Qubadlının azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, qazilərimizin qəhrəmanlığı hər zaman ehtiramla yad ediləcək.
Bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Qubadlının yenidən qurulması, infrastrukturunun bərpası və doğma yurdlarına qayıdış üçün yaradılan şərait Azərbaycanın gələcəyə inamla addımladığını göstərir.
25 Oktyabr – Qubadlı şəhəri günü xalqımızın Zəfər tarixinin unudulmaz günlərindən biridir. Bu əlamətdar tarix bizə Vətəni sevməyin, milli birliyi qorumağın və müstəqilliyimizi gələcək nəsillərə ötürməyin nə qədər vacib olduğunu xatırladır.
Gülər Kərimova,
YAP Şabran rayon təşkilatının məsləhətçisi



