
Azərbaycanın qədim yaşayış məskənlərindən olan Qubadlı öz tarixi, təbiəti və zəngin mədəni irsi ilə seçilir. 25 Oktyabr – Qubadlı şəhəri günü xalqımızın yaddaşında azadlıq, qəhrəmanlıq və qürur günü kimi xüsusi yer tutur.
1993-cü ildə işğal edilmiş Qubadlı 2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusunun şücaəti nəticəsində azadlığa qovuşdu. Bu hadisə Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtələrindən biri oldu və Azərbaycanın tarixi qələbəsinə böyük töhfə verdi.
Qubadlının azad edilməsi təkcə ərazi bütövlüyümüzün bərpası baxımından deyil, həm də xalqımızın tarixi ədalətə olan inamının möhkəmlənməsi baxımından əhəmiyyətlidir. Uzun illər doğma yurdlarından ayrı düşmüş insanların torpaq həsrətinin sona çatması milli yaddaşımızda dərin iz buraxdı.
Azərbaycan dövləti azad olunmuş ərazilərin dirçəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Yeni yolların salınması, infrastrukturun yaradılması, yaşayış məntəqələrinin yenidən qurulması Qubadlının gələcək inkişafı üçün mühüm zəmin yaradır.
Bu gün Qubadlı şəhəri günü münasibətilə xalqımızın qəhrəman övladlarını dərin ehtiramla anırıq. Onların göstərdiyi igidlik və fədakarlıq Azərbaycanın şanlı tarixinin ayrılmaz hissəsidir. Qubadlının azadlığı milli qürurumuzun, birliyimizin və sarsılmaz iradəmizin təntənəsidir.
Cavani Babayev,
YAP Şabran rayon təşkilatının sədr müavini



