
1930-cu ildə inzibati rayon kimi yaradılan Qubadlı Azərbaycanın cənub-qərbində, Laçın və Zəngilan rayonları ilə həmsərhəd ərazidə yerləşir. Dağlıq relyefi, çayları, meşələri və zəngin təbiəti ilə seçilən rayon qədim tarixə malikdir. Qubadlı ərazisində aşkar edilmiş arxeoloji abidələr, qədim yaşayış məskənləri, Koroğlu qalası, Qalaça və Maltəpəsi kimi tarixi nümunələr bu torpağın keçmişinin zənginliyini təsdiqləyir.
1993-cü ilin avqustunda Azərbaycanda yaranmış ağır hərbi-siyasi vəziyyət ölkənin bir sıra əraziləri kimi Qubadlı üçün də faciəli nəticələrə səbəb oldu. Avqustun 31-də rayon Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildi. Bununla da minlərlə insan doğma evini, torpağını, illərlə qurduğu həyatını tərk etmək məcburiyyətində qaldı. Qubadlı sakinləri Azərbaycanın müxtəlif şəhər və rayonlarında məskunlaşaraq məcburi köçkün həyatı yaşamağa başladılar.
İşğal nəticəsində rayonun yaşayış evləri, məktəbləri, inzibati binaları, mədəniyyət müəssisələri və digər infrastruktur obyektləri dağıntılara məruz qaldı. Tarixi və dini abidələrə ciddi ziyan dəydi, bölgənin iqtisadi potensialı zəiflədi. Doğma yurdlarından didərgin düşmüş insanların həyatında uzun illər davam edən həsrət dövrü başlandı. Qubadlı sakinləri üçün doğma torpağa qayıtmaq arzusu illər boyu qorunan ən böyük ümidə çevrildi.
Azərbaycan dövləti bütün işğal dövründə ərazi bütövlüyünün bərpasını əsas məqsədlərindən biri kimi müəyyənləşdirmişdir. Güclü ordu quruculuğu, iqtisadi imkanların artırılması və beynəlxalq müstəvidə aparılan fəaliyyət ölkənin öz suveren hüquqlarını bərpa etməsi üçün mühüm zəmin yaratdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcı oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatları keçirərək işğal altında olan torpaqlarımızı azad etməyə başladı.
Vətən müharibəsinin gedişində Cəbrayıl və Zəngilan istiqamətlərində əldə edilən hərbi uğurlar Qubadlıya doğru irəliləyiş üçün mühüm əhəmiyyət daşıyırdı. Azərbaycan əsgər və zabitlərinin peşəkarlığı, döyüş əzmi və qəhrəmanlığı nəticəsində düşmənin müdafiə mövqeləri yarıldı, strateji yüksəkliklər və yaşayış məntəqələri nəzarətə götürüldü. Qubadlı istiqamətində aparılan əməliyyatlar şəhərin və ətraf ərazilərin azad edilməsinə şərait yaratdı.
2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusu Qubadlı şəhərini işğaldan azad etdi. Bu qələbə 44 günlük Vətən müharibəsinin mühüm hərbi-strateji nailiyyətlərindən biri oldu. Qubadlının azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində irəliləyişi sürətləndirdi və xalqımızın Zəfər əzmini daha da gücləndirdi. Şəhərin azadlığı uğrunda döyüşlərdə hərbçilərimizin göstərdiyi igidlik və fədakarlıq müasir tariximizin şərəfli səhifələrindən birinə çevrildi.
Qubadlının azad edilməsi xəbəri uzun illər doğma yurdunun həsrəti ilə yaşayan sakinlər üçün böyük sevinc və qürur mənbəyi oldu. Bu hadisə yalnız bir şəhərin işğaldan qurtuluşu deyil, həm də insanların öz evlərinə, xatirələrinə və tarixi köklərinə qayıdışı üçün yeni imkanların yaranması demək idi. 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev Qubadlı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Dövlət bayrağının azad edilmiş şəhərdə dalğalanması Azərbaycanın suverenliyinin və tarixi ədalətin bərpasının rəmzi kimi yadda qaldı.
Qubadlının azad edilməsi uğrunda döyüşlərdə iştirak edən hərbçilərin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirildi. “Qubadlının azad olunmasına görə” medalının təsis edilməsi Vətən uğrunda döyüşənlərin qəhrəmanlığının əbədiləşdirilməsinə xidmət etdi. Şəhidlərimizin əziz xatirəsi, qazilərimizin fədakarlığı və hərbçilərimizin şücaəti Qubadlının azadlıq tarixinin ayrılmaz hissəsidir. Bu tarix gələcək nəsillərə Vətən sevgisinin, milli birliyin və torpağa sədaqətin nümunəsi kimi ötürülür.
Qubadlı şəhərinin tarixində mühüm yer tutan hadisələrdən biri də şəhər gününün təsis edilməsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 25-i Qubadlı şəhəri günü kimi qeyd olunur. Bu əlamətdar günün təsis edilməsi şəhərin azadlığı uğrunda döyüşən qəhrəmanların xatirəsinin yaşadılması, şəhidlərimizin ehtiramla anılması və tarixi yaddaşımızın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu gün Qubadlı şəhəri günü yalnız keçmiş qələbənin qeyd edilməsi deyil, həm də doğma torpaqların dirçəlişinin, Böyük Qayıdışın və yeni həyatın rəmzidir. Hazırda rayonda aparılan abadlıq-quruculuq işləri, müasir infrastrukturun yaradılması və yaşayış məntəqələrinin bərpası Qubadlının gələcək inkişafına möhkəm zəmin yaradır. Əminliklə demək olar ki, doğma sakinlərinin qayıdışı ilə Qubadlı yenidən Azərbaycanın inkişaf edən bölgələrindən birinə çevriləcək, 25 oktyabr tarixi isə xalqımızın yaddaşında azadlığın, qəhrəmanlığın və dirçəlişin rəmzi kimi yaşayacaq.
Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri



