Avrasiya coğrafiyasının mərkəzində mühüm nəqliyyat-logistika qovşağına çevrilməsinə nail olub

Enerji siyasəti bu gün dünyada mühüm və strateji rola malikdir. Qloballaşan dünyanı enerji təhlükəsizliyi məsələsindən kənarda təsəvvür etmək qeyri-mümkündür. Son illər bu problem bəşəri əhəmiyyətli məsələ kimi dünyanın diqqət mərkəzində qalmaqdadır. Zəngin təbii sərvətlərə, davamlı iqtisadiyyata və müasir texnologiyalara malik olan müstəqil Azərbaycan dövləti dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində də aparıcı mövqe tutur. Qərbin enerji tələbatının ödənilməsinə önəmli töhfə verir.Müstəqil Azərbaycan dövləti hazırda dünyada nəhəng neft ixrac edən ölkələrdən biri kimi tanınır. Eyni zamanda, qaz ixrac edən ölkəyə çevrilməkdəyik.
Azərbaycanın üçüncü minilliyin əvvəlindən xüsusi maraq göstərdiyi, son illərdə fəal şəkildə qoşulduğu və bundan sonra funksionallığı ciddi şəkildə yüksələn başqa bir transmilli nəqliyyat layihəsi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi hesab olunur. TRASEKA layihəsində olduğu kimi, Azərbaycan Respublikasının “Şimal-Cənub” nəqliyyat dəhlizinə qoşulması təşəbbüsü də Ümummilli Lider Heydər Əliyevə məxsusdur. Məhz Onun razılığı əsasında 2001-ci ildən başlayaraq Azərbaycan Respublikasını təmsil edən nümayəndələr Rusiya və İranın müvafiq qurumları ilə bu istiqamətdə müzakirələrə qoşulmuşlar. Azərbaycan Moskva şəhərində keçirilən Rusiya və İran dəmir yolu rəhbərlərinin müşavirəsinə qatılmış və üçtərəfli razılığa müvafiq olaraq “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə Beynəlxalq Konsorsiumun yaradılmasında iştirak etmişdir. Sonrakı dövrdə hər üç ölkənin dəmir yollarına tranzit yük axınının cəlb edilməsi, birgə layihə-axtarış işlərinin görülməsi, ümumi məsələlərin və birgə işlərin əlaqələndirilməsi istiqamətindəki fəaliyyəti təmin olunmuşdur. Tehran şəhərində və Bakıda “Şimal-Cənub” nəqliyyat dəhlizinin tikintisi, gələcək istismarı, beynəlxalq konsorsiumun yaradılması və maliyyələşdirilməsi üsulları, hər bir tərəfin tikintidə payı, qoyulacaq əsaslı vəsaitin qaytarılması yolları və digər məsələlər müzakirə edilmiş və razılığa gəlinmişdir.
Məlum olduğu kimi, Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək “Şimal-Cənub” nəqliyyat dəhlizi haqqında ilk razılaşma aktı Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində imzalanmışdır. Azərbaycan, qeyd edildiyi kimi, bu sazişə beş il sonra – 2005-ci ildə qoşulmuşdur. Sonrakı illərdə, ümumilikdə, 13 dövlət bu sazişə imza atmış və müvafiq olaraq ratifikasiya etmişdir. Bunlar Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadır.
“Şimal-Cənub” nəqliyyat dəhlizinin əsas məqsədi, ilk növbədə, cənubdan – Hindistandan başlayaraq Rusiyaya, Şimali və Qərbi Avropaya, eləcə də Körfəz ölkələrinə daşınan yüklərin çatdırılma müddətini azaltmaq, daşıma qiymətlərini ucuzlaşdırmaq və dəhlizin funksionallığını artırmaqdan ibarətdir. Dəhliz bir neçə əsas istiqamət: Hindistan-Rusiya-Qafqaz-Körfəz ölkələri; Mərkəzi Asiya-Körfəz ölkələri; Xəzər dənizi-İran İslam Respublikası-Körfəz ölkələri və s. üzrə yükdaşıma fəaliyyətini nəzərdə tutur. Bu istiqamətlər içərisində Azərbaycan üçün ən maraqlı istiqamət yüklərin gəmilərlə Hindistanın Mumbay limanından İranın Bəndər-Abbas limanına gətirilməsi, sonra qatar və avtomobillərlə İranın mövcud dəmir və avtomobil yolları ilə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir və avtomobil yollarına ötürülməsi və buradan da Azərbaycan vasitəsilə Rusiyaya, Şimali Avropa ölkələrinə və s. çatdırılmasıdır.
Azərbaycan Hökuməti “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, sonrakı müddətdə “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması prosesində fəal rol oynamış, ölkənin hər iki transkontinental dəhlizin kəsişməsində, Avrasiya coğrafiyasının mərkəzində mühüm nəqliyyat-logistika qovşağına çevrilməsinə nail ola bilmişdir.
Mətanət Cəfərova,
YAP-ın fəalı