
Azərbaycanın qədim tarixini, zəngin mədəni irsini və yenilməz ruhunu özündə yaşadan Zəngilan bu gün azadlığın, dirçəlişin və Böyük Qayıdışın rəmzlərindən biridir. 20 Oktyabr – Zəngilan Şəhəri Günü xalqımızın yaddaşında yalnız bir şəhərin azad edildiyi gün kimi deyil, həm də tarixi ədalətin bərpasının, milli iradənin və Zəfər qürurunun təcəssümü kimi yaşayır.
2020-ci il oktyabrın 20-də Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəngilan şəhəri işğaldan azad edildi. Bu tarixi hadisə Azərbaycanın ərazi bütövlüyünün bərpasına doğru atılan mühüm addımlardan biri oldu. Zəngilanın azadlığı ilə Azərbaycan-İran dövlət sərhədinin işğal altında qalan hissəsində nəzarət bərpa edildi və ölkəmizin suverenliyinin təmin olunması istiqamətində mühüm nailiyyət əldə edildi.
Tarixi və dini irsin izləri
Zəngilan qədim yaşayış məskənləri, tarixi-memarlıq abidələri və dini irsi ilə seçilən bölgələrimizdəndir. Rayonun mədəni irsi xalqımızın əsrlər boyu formalaşmış həyat tərzini, mənəvi dəyərlərini və memarlıq ənənələrini əks etdirir.
İşğal dövründə erməni vandalizmi nəticəsində Zəngilanın bir sıra tarixi və dini abidələri dağıdılmış, zədələnmiş və ya yararsız vəziyyətə salınmışdır. XVII əsrə aid İmam Hüseyn məscidi, Malatkeşin, Qırıq Muşlan, Muşlan və Rəzdərə kəndlərindəki XIX əsr məscidləri, Xanazor və Yeməzli kəndlərindəki Alban irsinə aid kilsələr bölgənin tarixi yaddaşının mühüm nümunələridir.
Bu abidələrin taleyi işğalın yalnız torpaqlarımıza deyil, həm də xalqımızın mədəni və mənəvi irsinə vurduğu zərərin göstəricisidir. Tarixi abidələrin qorunması və gələcək nəsillərə çatdırılması milli yaddaşımızın yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Zəngilan – müasir inkişafın yeni ünvanı
Bu gün Zəngilanın siması sürətlə dəyişir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri rayonun gələcək inkişafı üçün möhkəm təməl yaradır. Yeni yaşayış məhəllələri, yollar, sosial obyektlər və enerji infrastrukturu Zəngilanın müasir şəhər kimi formalaşmasına xidmət edir.
Bu inkişafın parlaq nümunələrindən biri Ağalı ağıllı kəndidir. Müasir texnologiyalar, dayanıqlı infrastruktur, rahat yaşayış şəraiti və innovativ idarəetmə prinsipləri əsasında qurulan Ağalı Böyük Qayıdışın ilk uğurlu nümunələrindən biri kimi diqqət çəkir. Kəndin yenidən qurulması doğma torpaqlarından didərgin düşmüş insanların öz yurdlarına qayıdışı və burada yeni həyat qurması baxımından mühüm tarixi əhəmiyyət daşıyır.
Zəngilanın iqtisadi və sosial inkişafında enerji layihələri də mühüm yer tutur. Cahangirbəyli, Zəngilan və Şayıflı su elektrik stansiyalarının istifadəyə verilməsi bölgənin enerji təminatının gücləndirilməsinə, alternativ enerji mənbələrindən istifadəyə və dayanıqlı inkişafa töhfə verir.
Turizm potensialı və gələcəyə açılan yollar
Zəngilanın əlverişli coğrafi mövqeyi, təbii gözəllikləri, meşələri, çayları və zəngin tarixi irsi onun turizm imkanlarını genişləndirir. Rayonun turizm potensialının inkişaf etdirilməsi bölgənin iqtisadi həyatının canlanmasına, yeni iş yerlərinin yaradılmasına və mədəni irsin daha geniş tanıdılmasına şərait yaradır.
Ağalı hotelinin açılışı, Zəngilan Konqres Mərkəzi Kompleksinin istifadəyə verilməsi və yeni infrastruktur layihələrinin həyata keçirilməsi rayonun gələcəkdə mühüm turizm və tədbirlər məkanına çevrilməsi istiqamətində atılan əhəmiyyətli addımlardır.
Prezident İlham Əliyevin səfərləri – quruculuğun yol xəritəsi
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin azad olunmuş Zəngilana səfərləri bölgənin bərpası və inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nümayiş etdirir.
2023-cü il sentyabrın 28-də Prezident İlham Əliyev Zəngilanda bir sıra mühüm tədbirlərdə iştirak etmişdir. Alıbəyli kəndinin və Zəngilan kəndinin təməlinin qoyulması, şəhərdə yeni yaşayış komplekslərinin, 160 yerlik uşaq bağçasının təməlqoyma mərasimi, Zəngilan Konqres Mərkəzi Kompleksinin və Cahangirbəyli Su Elektrik Stansiyasının açılışı bölgənin yenidən qurulması istiqamətində mühüm mərhələ olmuşdur. Sentyabrın 29-da isə dövlətimizin başçısı 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak etmişdir.
2024-cü il mayın 18-də Ağalı kəndində “Ağalı” hotelinin açılışı, Mincivan qəsəbəsinin təməlqoyma mərasimi, Zəngilan və Şayıflı su elektrik stansiyalarının açılışı, Zəngilan şəhər məscidinin istifadəyə verilməsi və şəhərin daxili yol-kommunikasiya şəbəkəsinin təməlinin qoyulması quruculuq prosesinin ardıcıl davam etdiyini göstərmişdir.
Bu layihələr azad edilmiş torpaqlarda həyatın yenidən canlandırılmasına, insanların doğma yurdlarına qayıtmasına və bölgənin ölkə iqtisadiyyatına inteqrasiyasına xidmət edir.
Zəngilanın sabahı – Böyük Qayıdışın təntənəsi
Zəngilan bu gün keçmişin ağrılarını geridə qoyaraq gələcəyə inamla addımlayır. Burada aparılan bərpa işləri, yaradılan müasir yaşayış şəraiti və həyata keçirilən infrastruktur layihələri xalqımızın quruculuq əzmini, dövlətimizin gücünü və milli birliyimizi əks etdirir.
20 Oktyabr – Zəngilan Şəhəri Günü şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad etmək, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın fədakarlığını xatırlamaq və qazanılmış tarixi Zəfərin əhəmiyyətini bir daha dərk etmək günüdür.
Zəngilanın azadlığı ilə başlanan yeni tarix bu gün quruculuqla, dirçəlişlə və Böyük Qayıdışla davam edir. Doğma torpaqlarımızda dalğalanan üçrəngli bayrağımız xalqımızın birliyinin, müstəqilliyimizin və sarsılmaz iradəmizin əbədi rəmzidir.
Zəngilan azaddır, Zəngilan dirçəlir, Zəngilan gələcəyə inamla addımlayır!
20 Oktyabr – Zəngilan Şəhəri Günümüz mübarək!
Aytən İmanova ,
YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktöru



