AnalitikaGündəmSiyasət

Azərbaycan–Laos iqtisadi əlaqələrinin genişləndirilməsi yeni əməkdaşlıq imkanları yaradır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda təhsil və humanitar əməkdaşlığın inkişafı məsələləri də xüsusi yer tutub.

Azərbaycan ilə Laos arasında münasibətlər yalnız siyasi və iqtisadi əlaqələrlə məhdudlaşmır. Xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi, mədəni əlaqələrin genişləndirilməsi və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir.

Prezident İlham Əliyev bəyanatında Sovet dövründə iki mindən çox Laos vətəndaşının Azərbaycanda təhsil aldığını qeyd edərək bu ənənənin bərpa olunmasını təklif edib. Bu məqsədlə təqaüd mexanizminin yaradılması imkanlarının nəzərdən keçirilməsi də diqqətə çatdırılıb.

Təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi gənclərin bilik və bacarıqlarının artırılması, onların beynəlxalq təcrübə qazanması və gələcəkdə öz ölkələrinin inkişafına töhfə verməsi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanda təhsil alan Laos gəncləri gələcəkdə iki ölkə arasında əlaqələrin inkişafında körpü rolunu oynaya bilərlər.

Humanitar münasibətlərin digər mühüm istiqaməti mədəniyyət və turizm sahələridir. Bu sahələrdə qarşılıqlı əlaqələrin genişləndirilməsi xalqların bir-birinin tarixi, milli-mədəni dəyərləri və adət-ənənələri ilə daha yaxından tanış olmasına şərait yaradır. Turizm mübadiləsinin artması da insanlar arasında birbaşa təmasların güclənməsinə xidmət edir.

Laos Prezidenti Thonqlun Sisulitin səfər zamanı Azərbaycan xalqının qonaqpərvərliyini vurğulaması və ölkəmizdə baş verən inkişafı qeyd etməsi də iki xalq arasında dostluq münasibətlərinin əhəmiyyətini göstərir.

Təhsil, mədəniyyət, turizm və insanlar arasında əlaqələrin inkişafı uzunmüddətli əməkdaşlığın möhkəm əsaslarını formalaşdırır. Bu sahələrdə həyata keçiriləcək təşəbbüslər Azərbaycan-Laos münasibətlərinin gələcək nəsillər üçün də davamlı olmasına xidmət edə bilər.

Elçin İbrahimov,
YAP Şabran rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button