
2026-cı il oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü Azərbaycanın beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələrin nümayişi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin zirvə görüşündə çıxışı ölkəmizin müstəqil xarici siyasətinin əsas istiqamətlərini və beynəlxalq münasibətlər sistemində artan rolunu bir daha diqqətə çatdırıb.
Dövlət başçısı çıxışında Azərbaycanın Asiya ilə Avropanın kəsişməsində yerləşməsinin yaratdığı imkanları vurğulayıb. Bildirilib ki, ölkəmiz siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə müxtəlif dövlətlərlə əməkdaşlıq edərək Avrasiya məkanında birləşdirici mərkəz kimi mövqeyini möhkəmləndirir.
Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin suveren bərabərlik, dövlətlərin daxili işlərinə qarışmamaq, ərazi bütövlüyünə və suverenliyinə hörmət prinsiplərinə əsaslandığını qeyd edib. Bu yanaşma beynəlxalq münasibətlərdə qarşılıqlı etimadın və bərabərhüquqlu əməkdaşlığın təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Zirvə görüşündə Azərbaycanın AQEM-ə sədrliyi dövründə həyata keçirilən tədbirlər də diqqət mərkəzində olub. Nəqliyyat əlaqələrinin genişləndirilməsi, rəqəmsallaşma, ətraf mühitin qorunması, turizm, təhsil və elm sahələrində əməkdaşlığın inkişafı təşkilatın fəaliyyət imkanlarının artırılmasına xidmət edir.
Laos Xalq Demokratik Respublikasının AQEM-ə yeni üzv dövlət kimi qəbul edilməsi təşkilatın əhatə dairəsinin genişlənməsinin mühüm göstəricisidir. Bu hadisə Asiya ölkələri arasında dialoqun inkişafına və qarşılıqlı əməkdaşlıq imkanlarının artmasına töhfə verir.
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın beynəlxalq platformalarda fəal iştirakını, milli maraqlarını qətiyyətlə müdafiə etdiyini və çoxtərəfli əməkdaşlığın inkişafına önəm verdiyini bir daha nümayiş etdirib.
Beləliklə, Bakı Zirvə Görüşü Azərbaycanın diplomatik uğurlarının, beynəlxalq tərəfdaşlığa sadiqliyinin və regionlar arasında əlaqələrin gücləndirilməsindəki rolunun əhəmiyyətli göstəricisi kimi yadda qalıb.
Gülər Kərimova,
YAP Şabran rayon təşkilatının məsləhətçisi



