AnalitikaGündəmSiyasət

Ölkəmizin çoxtərəfli diplomatiyaya verdiyi önəm

Qlobal siyasi proseslərin mürəkkəbləşdiyi, regional münaqişələrin beynəlxalq təhlükəsizliyə təsirinin artdığı müasir dövrdə dövlətlər arasında etibarlı tərəfdaşlığın qurulması və ortaq problemlərin birgə həlli xüsusi aktuallıq daşıyır. Beynəlxalq münasibətlərdə sabitliyin qorunması üçün dövlətlərin suveren hüquqlarına hörmət, beynəlxalq hüququn aliliyi və qarşılıqlı etimad əsas prinsiplər kimi çıxış etməlidir. Prezident İlham Əliyevin oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündəki çıxışı Azərbaycanın bu istiqamətlərdə mövqeyini, regional təhlükəsizliyə yanaşmasını və çoxtərəfli əməkdaşlığın inkişafına verdiyi töhfəni nümayiş etdirir.

Dövlət başçısının çıxışında Azərbaycanın müasir tarixinin mühüm məqamlarının xatırladılması beynəlxalq hüququn qorunmasının nə qədər vacib olduğunu təsdiqləyir. Ölkəmiz uzun illər ərazilərinin işğalı, yüz minlərlə insanın doğma yurdlarından didərgin salınması və beynəlxalq təşkilatların qərarlarının icrasız qalması ilə üzləşib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin uzun müddət yerinə yetirilməməsi beynəlxalq münasibətlər sistemində qərarların icrası ilə bağlı mövcud problemləri üzə çıxarıb. Beynəlxalq hüququn prinsipləri yalnız siyasi bəyanatlarda deyil, real fəaliyyətdə də təmin edilməlidir. Dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə münasibətdə ikili standartların tətbiqi beynəlxalq ədalətə inamı zəiflədir, münaqişələrin həllini çətinləşdirir. Buna görə də beynəlxalq təşkilatların nüfuzunun qorunması onların qəbul etdikləri qərarların icrasına və bütün dövlətlərə bərabər münasibət göstərilməsinə bağlıdır.

Azərbaycanın sədrliyi dövründə irəli sürülən təşəbbüslər ölkəmizin çoxtərəfli diplomatiyaya verdiyi önəmi də nümayiş etdirir. Müasir dövrdə nəqliyyat dəhlizlərinin inkişafı, rəqəmsal əlaqələrin genişləndirilməsi, ekoloji problemlərin həlli və elmi-humanitar əməkdaşlığın gücləndirilməsi dövlətlər arasında qarşılıqlı asılılığı artıran və etimad mühitini möhkəmləndirən əsas amillərdəndir. AQEM kimi beynəlxalq platformaların əhəmiyyəti də məhz müxtəlif dövlətləri ortaq məqsədlər ətrafında birləşdirmək, dialoq imkanlarını genişləndirmək və qarşılıqlı maraqlara əsaslanan həll yollarını təşviq etməkdən ibarətdir.

Prezident İlham Əliyevin çıxışı göstərib ki, ölkəmiz üçün suverenliyin və ərazi bütövlüyünün qorunması, beynəlxalq hüququn aliliyinin təmin edilməsi, sülhün möhkəmləndirilməsi və dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi bir-biri ilə sıx bağlı olan prioritetlərdir. Bu gün Azərbaycan öz milli maraqlarını qətiyyətlə müdafiə etməklə yanaşı, regional və qlobal problemlərin həllində fəal iştirak edir, beynəlxalq təşkilatlar çərçivəsində təşəbbüslər irəli sürür və dövlətlər arasında qarşılıqlı etimadın artırılmasına töhfə verir.

Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button