AnalitikaGündəmSiyasət

Azərbaycan–Laos iqtisadi əlaqələrinin genişləndirilməsi yeni əməkdaşlıq imkanları yaradır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini bir daha ortaya qoyub.

Dövlət başçısı bəyanatında siyasi münasibətlərin mövcud inkişaf səviyyəsinin iqtisadi əməkdaşlıqda da əks olunmasının vacibliyini vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ilə Laos arasında hazırkı ticarət dövriyyəsi hər iki ölkənin potensialına və əməkdaşlıq niyyətlərinə uyğun deyil. Bu səbəbdən iqtisadi əlaqələrin intensivləşdirilməsi, qarşılıqlı ticarətin artırılması və investisiya imkanlarının genişləndirilməsi istiqamətində konkret addımların atılması nəzərdə tutulur.

Azərbaycanın xarici ölkələrə investisiya yatırmaq imkanlarının artması beynəlxalq iqtisadi əməkdaşlıq üçün yeni perspektivlər yaradır. Prezident İlham Əliyev Laos tərəfinin Azərbaycan investorlarına konkret layihələr təqdim edəcəyi təqdirdə həmin layihələrin nəzərdən keçirilməsinə maraq göstərildiyini bildirib. Bu yanaşma qarşılıqlı faydaya əsaslanan iqtisadi tərəfdaşlığın inkişafı baxımından əhəmiyyətlidir.

Bəyanatda kənd təsərrüfatı, enerji, dağ-mədən sənayesi və digər sahələrdə əməkdaşlıq imkanlarına da diqqət yetirilib. Bu istiqamətlərdə birgə layihələrin hazırlanması, sahibkarlar arasında əlaqələrin qurulması və biznes dairələrinin qarşılıqlı təmaslarının artırılması iqtisadi münasibətlərin inkişafına töhfə verə bilər.

Oktyabrın 13-də Azərbaycan və Laos arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair anlaşma memorandumu da daxil olmaqla bir sıra sənədlərin mübadiləsi baş tutub. Bu sənədlər iqtisadi münasibətlərin konkret sahələr üzrə inkişaf etdirilməsi üçün institusional əsas yaradır.

Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Azərbaycan-Laos Biznes Forumu da sahibkarların bir araya gəlməsi, yeni tərəfdaşlıqların qurulması və investisiya imkanlarının müzakirəsi baxımından əhəmiyyətlidir.

Nəticə etibarilə, Azərbaycan-Laos iqtisadi münasibətlərinin inkişafı üçün siyasi iradə, qarşılıqlı maraq və əməkdaşlıq imkanları mövcuddur. Əsas məqsəd bu imkanlardan səmərəli istifadə etməklə ticarət dövriyyəsini artırmaq, yeni investisiya layihələri həyata keçirmək və uzunmüddətli iqtisadi tərəfdaşlığı möhkəmləndirməkdir.

Cavani Babayev,
YAP Şabran rayon təşkilatının sədr müavini 

Oxşar Xəbərlər

Back to top button