
04 iyun 2026-cı il tarixində Şəki şəhər 17 nömrəli tam orta məktəbdə Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının və məktəbin birgə təşkilatçılığı ilə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunmasına həsr edilmiş “Ulu Öndər Heydər Əliyevin quruculuq siyasətində milli memarlıq üslubu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə YAP Şəki rayon təşkilatının sədr müavinin Ziya Vəliyev, təşkilatın əməkdaşı Vüqar Qafurov, “Kənd ayağı” ərazi partiya təşkilatının sədri Əhməd Əhmədov, məktəbin direktoru Nərminə Abdullayeva, “Billur” layihə-istehsalat firmasının baş memarı Mehman Allahverdiyev, məktəbin pedaqoji kollektivi, şagirdlər və qonaqlar iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər tədbirin əhəmiyyətini qeyd edərək bildiriblər ki, Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı zəngin memarlıq irsi milli-mədəni kimliyimizin ən mühüm göstəricilərindən biridir. Qədim şəhərlərimiz, tarixi abidələrimiz, məscidlərimiz, karvansaralarımız, qalalarımız və yaşayış komplekslərimiz xalqımızın yüksək mədəniyyətinin, estetik düşüncəsinin və yaradıcılıq potensialının parlaq nümunələridir. Bu irsin qorunması və gələcək nəsillərə çatdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılıb.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda memarlıq və şəhərsalma sahəsinə xüsusi önəm verilib. Onun uzaqgörən siyasəti nəticəsində milli memarlıq ənənələrinin qorunması ilə yanaşı, müasir şəhərsalma prinsiplərinin tətbiqi də geniş vüsət alıb.
Çıxışlarda vurğulanıb ki, məhz Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyası bu gün Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər Azərbaycanın bütün bölgələrində həyata keçirilən genişmiqyaslı quruculuq işləri, müasir infrastruktur layihələri, şəhər və kəndlərin yenidən qurulması, tarixi abidələrin bərpası ölkəmizin inkişafının mühüm göstəriciləridir. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri isə Azərbaycan şəhərsalma modelinin dünyada diqqətlə izlənilən nümunələrindən birinə çevrilib.
Tədbirdə Şəki şəhərinin memarlıq irsindən də ətraflı bəhs olunub. Bildirilib ki, qədim tarixə malik Şəki özünəməxsus memarlıq üslubu, tarixi yaşayış məhəllələri, sənətkarlıq ənənələri və zəngin mədəni irsi ilə Azərbaycanın ən görkəmli şəhərlərindən biridir. Şəki Xan Sarayı, karvansaralar, məscidlər və digər tarixi abidələr xalqımızın memarlıq dühasının nadir nümunələri hesab olunur. Şəhərin tarixi-mədəni irsinin beynəlxalq səviyyədə tanınması və qorunması Azərbaycan dövlətinin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir.
Çıxış edənlər həmçinin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF) 13-cü sessiyasının əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, bu mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin qlobal şəhərsalma və dayanıqlı inkişaf məsələlərində artan nüfuzunun göstəricisidir. Vurğulanıb ki, aparılan uğurlu siyasət nəticəsində Azərbaycan müasir şəhərsalma və memarlıq sahəsində regionun aparıcı ölkələrindən birinə çevrilib və gələcəkdə də yeni nailiyyətlərə imza atacaq.
Tədbirdə “Şəhərsalma və Memarlıq İli”ndən bəhs edən videoçarx nümayiş olunub
Sonda Yeni Azərbaycan Partiyasına qəbul olunmuş yeni üzvlərə vəsiqələr təqdim olunub.



