AnalitikaGündəmSiyasət

Xocalı soyqırımı heç vaxt unudulmayacaq

XX əsrin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşına qanla yazılmışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı törədilən bu qətliam insanlığa qarşı ağır cinayət idi. Bir gecənin içində yüzlərlə günahsız insan amansızcasına qətlə yetirildi, ailələr məhv edildi, uşaqlar valideynlərini, valideynlər isə övladlarını itirdi.

Xocalı yalnız hərbi əməliyyat deyil, məqsədli şəkildə mülki əhaliyə qarşı həyata keçirilmiş soyqırımı aktı idi. Qadınlara, uşaqlara və qocalara qarşı xüsusi qəddarlıq göstərilməsi bu faciənin miqyasını daha da ağırlaşdırdı. Hadisələr zamanı yüzlərlə insan əsir və girov götürüldü, şəhər tamamilə yerlə-yeksan edildi.

Bu dəhşətli hadisə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi. Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət kimi qiymətləndirilməlidir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Xocalı soyqırımı heç vaxt unudulmayacaq” və bu faciənin dünya ictimaiyyətinə çatdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Azərbaycan dövləti uzun illərdir ki, Xocalı həqiqətlərinin beynəlxalq aləmdə tanınması istiqamətində ardıcıl fəaliyyət göstərir. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar bu faciəni soyqırımı və ya insanlığa qarşı cinayət kimi tanımışdır. Bu isə həqiqətin gec də olsa öz yerini tapdığını göstərir.

Xocalı qurbanlarının xatirəsi hər il ehtiramla yad edilir. Fevralın 26-sı Azərbaycanda matəm günü kimi qeyd olunur, ölkənin hər yerində anım mərasimləri keçirilir. Bu, həm şəhidlərin ruhuna ehtiram, həm də gələcək nəsillərə tarixi həqiqətlərin çatdırılması deməkdir.

Bu gün işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Xocalıda Cənab Prezidentimizin birbaşa nəzarəti və göstərişləri əsasında genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirilir. Dağıdılmış şəhər və kəndlər müasir infrastrukturla yenidən qurulur, yollar, məktəblər, sosial obyektlər inşa edilir. “Böyük Qayıdış” proqramı çərçivəsində doğma torpaqlara qayıdış mərhələli şəkildə təmin olunur. Xocalının yenidən dirçəldilməsi həm tarixi ədalətin təntənəsi, həm də şəhidlərin xatirəsinə ən böyük ehtiram nümunəsidir.

Tamerlan Qurbanov,
YAP Siyəzən rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button