AnalitikaGündəmSiyasət

Azerbaycan-ABŞ münasibetlerinde yeni sehife

Bildiyimiz kimi, fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens mətbuata bəyanatlarla çıxış ediblər. Bəyanat hər iki ölkə rəhbərlərinin görüşündən əldə olunan nəticələrin mətbuata açıqlamasını əhatə edirdi. Bakıda ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə imzaladığı Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası tərəflərin, münasibətləri institusional çərçivəyə keçirdiyini göstərir.
Xartiyanın mətnində tərəflərin bir-birinin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına dəstəyini yenidən təsdiqləməsi bu mərhələnin baza sütunudur. Prezident İlham Əliyev Azərbaycanın bu gün təbii qaz resursları ilə 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verdiyini, onların 11-nin NATO üzvü olduğunu xatırladaraq, ölkəmizin Qərbin təhlükəsizlik strategiyası üçün dəyərini qabardır və bu dəyərin ABŞ-la yeni mərhələdə institusionallaşdığı mesajını verir. Mətndə diqqət çəkən məqamlardan biri odur ki, tərəfdaşlığın artıq regional bağlantılarla daha da güclənməsi (Orta Dəhliz/Transxəzər), enerji və data bağlantısı, ticarət–tranzit asanlaşdırılması, eləcə də “TRIPP” layihəsi ayrıca qeyd edilir.
Prezident İlham Əliyev TRIPP-in təkcə Azərbaycanın iki hissəsini birləşdirdiyini deyil, həm də Asiya-Avropa xəttində etibarlı, təhlükəsiz və genişmiqyaslı nəqliyyat koridoru olacağını bildirir və bunu regionda sülh gündəliyini möhkəmləndirən amil kimi qeyd edir. Eyni çıxışda müdafiə satışlarının gündəliyə daxil edilməsi və AI data mərkəzləri üzrə ilkin təmasların qeyd edilməsi Rəsmi Bakının bu razılaşmanı qarşılıqlı texnoloji imkanlar kimi də gördüyünü göstərir.
Vensin mesajı isə iki xətt üzərində qurulub: birincisi, tərəfdaşlığın dayanıqlı olacağına dair siyasi təminat. O, strateji tərəfdaşlığın ABŞ-Azərbaycan münasibətlərini daha da möhkəmləndirərək uzunömürlü edəcəyini bildirir. İkincisi, təhlükəsizlik məsələlərinin genişləndirilməsi. Vens Azərbaycanın ərazi sularının mühafizəsi üçün yeni qayıqların göndəriləcəyini deyir. Bu detal, Xəzər və ümumən dəniz təhlükəsizliyinin gündəmə daşındığını göstərən siqnaldır.
Xartiyanın mətninə baxdıqda, tərəfdaşlığın institusional mexanizmi də aydın görünür: əməkdaşlıq istiqamətləri üzrə işçi qruplarının yaradılması, üç ay ərzində layihələr və yol xəritələrinin müəyyən edilməsi, illik əsasda mütəmadi görüş mexanizmi nəzərdə tutulur. Həmçinin, sənəddə humanitar minatəmizləmə, kibertəhlükəsizlik və kritik infrastrukturun qorunması, eləcə də mülki nüvə əməkdaşlığının dərinləşdirilməsi kimi bəndlərin yer alması münasibətlərin uzun müddətli strateji planlamaya kökləndiyini göstərir.
“Siyasi və strateji əməkdaşlıqla yanaşı, Azərbaycan-ABŞ münasibətləri enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar və süni intellekt və rəqəmsal infrastrukturu ehtiva edən iqtisadi sərmayə istiqamətində də inkişaf etdiriləcək. 2025-ci ilin ilk 11 ayında ABŞ ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 1 milyard 365 milyon dollar olub. Həmin müddətdə Azərbaycan Birləşmiş Ştatlara 54 milyon 491 min dollarlıq qeyri neft-qaz məhsulları ixrac edib. Strateji əməkdaşlığın güclənməsinin Azərbaycanın ABŞ ilə qeyri neft-ixrac dövriyyəsinin daha da artmasına gətirib çıxaracağı gözlənilir. 16 ölkəyə təbii qaz nəql edən Azərbaycan ABŞ-nin Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin güclənməsinə xüsusi töhfə verir. ABŞ ilə strateji əməkdaşlıq qeyri-neft sektoruna daha çox texnologiya və innovasiyaların cəlb edilməsinə imkan yaradacaq. Bu, Azərbaycanda iqtisadi diversifikasiya ilə bağlı hədəflərin reallaşmasına dəstək olacaq. Bu kontekstdə ABŞ–Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-ın iqtisadi fəallığı deməkdir.

İlhamə Veysəlova,
Xəzər rayonu, R.Qasımov adına
216 №li tam orta məktəbin təşkilatçısı

Oxşar Xəbərlər

Back to top button