
22 may 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının (QAİ) Şəki şəhər nümayəndəliyinin və ADPU-nin Şəki filialının birgə təşkilatçılığı, YAP Şəki rayon təşkilatının dəstəyi ilə filialın konfrans zalında “Unudulmayan tarix, yaşayan irs, qayıdış məfkurəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Qərbi Azərbaycan İcmasının Şəki şəhər nümayəndəsi Ziya Vəliyev, filialın direktoru, dosent Vurğun Məmmədov, Dodu ƏPT-nin sədri Sədrəddin Bədiyev, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin şöbə müdiri Rahim Həsənov, mərkəzin elmi işçisi Elçin Vəliyev, tələbə və gənclər iştirak edib.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarının qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən videoçarx nümayiş olunub
İclası giriş sözü ilə açan ADPU-nin Şəki filialının direktoru, dosent Vurğun Məmmədov tədbirin mahiyyəti və əhəmiyyətindən danışaraq bildirib ki, Qərbi Azərbaycana qayıdış ideyası beynəlxalq hüquqa əsaslanan, sülh və ədalət prinsiplərinə söykənən humanitar missiyadır. Bu istiqamətdə aparılan maarifləndirmə işləri, xüsusilə gənclərin tarixi həqiqətlər barədə məlumatlandırılması mühüm əhəmiyyət kəsb edir.
Qərbi Azərbaycan İcmasının Şəki şəhər nümayəndəsi Ziya Vəliyev çıxışında qeyd edib ki, Qərbi Azərbaycan məsələsi yalnız tarixi həqiqət deyil, həm də xalqımızın yaddaşında yaşayan milli-mənəvi dəyərdir. Əsrlərlə həmin torpaqlarda yaşamış azərbaycanlıların zəngin irsi, mədəniyyəti, adət-ənənələri bu gün də xalqımız tərəfindən yaşadılır və gələcək nəsillərə ötürülür. Ulu öndər Heydər Əliyevin hər zaman Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın taleyinə xüsusi həssaslıqla yanaşması, onların hüquqlarının müdafiəsini milli məsələlərdən biri kimi diqqətdə saxlamasını diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyev tərəfindən irəli sürülən Qərbi Azərbaycana qayıdış konsepsiyası soydaşlarımızın hüquqlarının beynəlxalq müstəvidə tanıdılması və tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyət daşıyır.
Qərbi Azərbaycan tarixi, milli-mədəni irsi, soydaşlarımızın doğma yurdlarından deportasiyası haqqında təqdimatla çıxış edən AMEA-nın Şəki Regional Elmi Mərkəzinin elmi işçisi Elçin Vəliyev Azərbaycan xalqının öz milli kimliyinə, tarixinə və mənəvi dəyərlərinə daim sahib çıxdığını qeyd edərək, Qərbi Azərbaycanla bağlı həqiqətlərin geniş ictimaiyyətə çatdırılması, qədim yurd yerlərimizin tarixi izlərinin qorunması və milli yaddaşın yaşadılması hər bir vətəndaşın mənəvi borcu olduğu diqqətə çatdırıb. Vurğulayıb ki, xalqımız öz tarixi yaddaşını heç vaxt unutmayacaq və dövlətimizin uğurlu siyasəti nəticəsində soydaşlarımız öz doğma yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdacaqlar.
YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov çıxış edərək Qərbi Azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq məsələsinin dövlət siyasətinin tərkib hissəsi olduğunu, cənab Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqətlə yanaşdığını, hər kəsin, o cümlədən, gənclərin bu istiqamətdə fəallıq nümayiş etdirməli olduğunu bildirmiş, gəncləri sosial şəbəkələrdə aktiv olmağa çağırmışdır. O, Qərbi Azərbaycan İcmasının Şəki nümayəndəliyinin qısa müddətdə çox işlər gördüyünü qeyd etmiş, Qərbi azərbaycanlıların tezliklə öz dədə-baba yurdlarına qayıdacaqlarına əmin olduğunu bildirmişdir.
Tədbirin sonunda iştirakçılar tərəfindən mövzu ətrafında fikir mübadiləsi aparılıb, Qərbi Azərbaycanın tarixi-mədəni irsinin təbliği və qayıdış məfkurəsinin ictimaiyyətə çatdırılması istiqamətində belə tədbirlərin davamlı keçirilməsinin vacibliyi vurğulanıb.














