
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin inkişafı ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Tarixi köklər, ortaq milli-mənəvi dəyərlər, dil və mədəniyyət yaxınlığı ilə səciyyələnən bu münasibətlər son illərdə daha da möhkəmlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Siyasi dialoqun intensivləşməsi, iqtisadi-ticari əlaqələrin genişlənməsi, enerji və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın çoxşaxəli xarakter aldığını göstərir.
2026-cı il oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya dövlət başçılarının VIII Məşvərət görüşü bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etdiyi görüş regional əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsi, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi və ümumi maraq doğuran məsələlərin müzakirəsi üçün mühüm platforma olmuşdur. Azərbaycanın bu formatda tamhüquqlu iştirakının region ölkələri ilə əlaqələrin yeni mərhələyə qədəm qoymasının göstəricisi kimi qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun iştirak etdiyi görüşün yekununda iki mühüm sənəd — “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı” və “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar” imzalanıb. Bu sənədlər siyasi dialoqun davamlılığını və əməkdaşlığın daha sistemli əsaslarla inkişaf etdirilməsinin əhəmiyyətini ön plana çıxarır. Görüşün əsas siyasi mesajı region dövlətlərinin mövcud əlaqələri konkret iqtisadi layihələr, institusional mexanizmlər və uzunmüddətli tərəfdaşlıq vasitəsilə daha da möhkəmləndirmək iradəsində ifadə olunur.
Azərbaycan ilə Mərkəzi Asiya dövlətlərini birləşdirən münasibətlərin təməlində ortaq tarixi-mədəni irs, mənəvi yaxınlıq və qarşılıqlı hörmət dayanır. Müasir dövrdə isə bu əlaqələr yeni geosiyasi və iqtisadi məzmun qazanır. Avrasiyada nəqliyyat əlaqələrinin genişlənməsi, beynəlxalq ticarətin şaxələndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi tərəflər arasında əməkdaşlığın strateji əhəmiyyətini artırır. Bu yaxınlaşma dövlətlərin suverenliyinə hörmət və qarşılıqlı fayda prinsipləri əsasında ortaq maraqların uzlaşdırılmasına imkan yaradır.
Əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri nəqliyyat və logistika sahəsidir. Xəzər dənizi, Azərbaycanın əlverişli coğrafi mövqeyi və Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxış imkanları Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün mühüm zəmin yaradır. Orta Dəhlizin inkişafı fonunda limanların, dəmir yollarının və avtomobil magistrallarının əlaqələndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsal məlumat mübadiləsinin genişləndirilməsi regional ticarətin səmərəliliyini artıra bilər.
Türkmənbaşı görüşü bir daha göstərdi ki, Azərbaycan–Mərkəzi Asiya münasibətləri yeni mərhələyə qədəm qoyur. Yüksək səviyyəli səfərlərin intensivləşməsi, birgə layihələrin genişlənməsi, azad edilmiş ərazilərin bərpasına göstərilən qardaş dəstəyi və regional məsələlər üzrə yaxın mövqelər əlaqələrin ardıcıl inkişafından xəbər verir. Azərbaycanın qarşılıqlı etimada, ortaq maraqlara və balanslı siyasi yanaşmaya əsaslanan xətti bu əməkdaşlığın daha da dərinləşməsi üçün möhkəm zəmin yaradır.
Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı



