
Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında münasibətlər son illərdə daha geniş regional əməkdaşlıq kontekstində yeni, dərin məzmun qazanıb. Oktyabrın 8-də Avazada keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü bu reallığı bir daha təsdiqlədi. Dövlətimizin başçısı İlham Əliyevin Türkmənistana işgüzar səfəri həm iki ölkənin ikitərəfli, həm də beynəlxalq təşkilatlar daxilində əlaqələrinin yüksələn xətlə inkişafının aydın mənzərəsini təqdim etdi. Qeyd edilən görüşdə siyasi və diplomatik əməkdaşlığın möhkəmləndirilməsi, regional və beynəlxalq məsələlər, sülh, sabitlik və təhlükəsizlik, ticarət-iqtisadi əlaqələrin və enerji əməkdaşlığının genişləndirilməsi, dayanıqlı nəqliyyat dəhlizlərinin inkişafı, ətraf mühitin və su ehtiyatlarının qorunması, eləcə də mədəniyyət, təhsil, elm və gənclər sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər geniş müzakirə edildi.
Dövlətimizin başçısı İlham Əliyev çıxışında “Keçən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü oldu. Bu tarixi qərarı yekdilliklə dəstəklədikləri üçün bütün hörmətli həmkarlarıma bir daha təşəkkürümü bildirirəm. Bu baxımdan Türkmənistanın və şəxsən hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun rolunu qeyd etmək istəyirəm. O, ötən ilin avqust ayında məhz burada – Avazada Azərbaycanın bu formatda tamhüquqlu iştirakı təşəbbüsü ilə çıxış etdi. Son illərdə Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir. Ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib. Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələrimizi daha da gücləndirmək üçün qarşılıqlı niyyətimizi əks etdirir” söyləyərək onu da əlavə etdi ki, son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib. Siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı yüksəksəviyyəli səfərlər müntəzəm xarakter alıb. İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar məbləğindədir. Birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün, ilk növbədə, onların potensialından daha fəal şəkildə istifadə olunmalıdır. Biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq.
Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində coğrafi mövqeyi xüsusi əhəmiyyət daşıyır. Xəzərin qərb sahilində yerləşən Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Avropa arasında nəqliyyat və logistika əlaqələrinin formalaşdırılmasında mühüm halqa rolunu oynayır. Bu baxımdan Orta Dəhliz əməkdaşlığın əsas istiqamətlərindən biridir. Mərkəzi Asiyadan Xəzər vasitəsilə Azərbaycana daxil olan yüklərin daha sonra Qafqaz və Türkiyə ərazisindən Avropa istiqamətində daşınması üçün mövcud infrastrukturun inkişaf etdirilməsi qarşılıqlı iqtisadi maraqları artırır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və digər nəqliyyat infrastrukturu Azərbaycanın bu prosesdəki imkanlarını genişləndirir. Eyni zamanda, Mərkəzi Asiya ölkələri üçün alternativ marşrutların inkişafı onların xarici bazarlara çıxış imkanlarının şaxələndirilməsinə xidmət edir. Bu baxımdan Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı Orta Dəhliz boyunca nəqliyyat infrastrukturunun əlaqələndirilməsi, logistika prosedurlarının təkmilləşdirilməsi və yükdaşımaların səmərəliliyinin artırılması kimi məsələlərin daha geniş regional müstəvidə müzakirəsinə imkan yaratdı.
Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün yekununda Birgə Bəyannamədə imzalandı. Sənəddə Azərbaycanın bu platformada tamhüquqlu iştirakı və 2026-cı il oktyabrın 15-də Bakıda keçiriləcək AQEM-in 7-ci Sammitinə hazırlıq yüksək qiymətləndirildi. Birgə Bəyannamədə, tərəflər, həmçinin BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı gücləndirmək, suverenlik və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında regional təhlükəsizliyi təmin etmək, eləcə də terrorizm, mütəşəkkil cinayətkarlıq, kibercinayətkarlıq, qanunsuz miqrasiya və transsərhəd fövqəladə hallarla mübarizə sahəsində fəaliyyətlərini genişləndirmək əzmində olduqlarını təsdiqlədilər.
Etibar Hacıyev,
YAP Ağstafa rayon təşkilatının sədri



