AnalitikaGündəmSiyasətSosial

Məktəbli forması ayrı-seçkilik deyil, bərabərliyin və təhsilə hörmətin rəmzidir

Təhsil yalnız bilik qazanmaq deyil, həm də intizamlı, məsuliyyətli, dünyagörüşlü və cəmiyyətə faydalı vətəndaş yetişdirmək prosesidir. Bu baxımdan, məktəblərdə vahid geyim qaydalarının tətbiqi nizam-intizamın qorunmasına, sosial fərqlərin ön plana çıxmamasına və diqqətin əsas məqsədə — təhsilə yönəlməsinə xidmət edir.

Məktəbli forması şagirdlərin ailələrinin maddi imkanlarından asılı olmayaraq, özlərini eyni təhsil mühitinin bərabərhüquqlu üzvləri kimi hiss etmələrinə şərait yaradır. Məktəbdə əsas meyar geyim deyil, bilik, bacarıq, davranış və şəxsi nailiyyətlər olmalıdır.

Vahid geyim tələblərini dini etiqadla mübarizə kimi təqdim etmək məsələnin mahiyyətini yanlış istiqamətə yönəldir. Məktəbli formasının məqsədi dini inancları hədəfə almaq deyil, ümumi təhsil qaydalarını qorumaq və bərabər təhsil mühiti formalaşdırmaqdır. Dini etiqad azadlığına hörmətlə yanaşmaqla yanaşı, təhsil müəssisələrində qüvvədə olan qanuni tələblərin əhəmiyyətini də nəzərə almaq vacibdir.

Dünyəvilik dini inancların inkarı deyil, fərqli dünyagörüşlərinə hörmət şəraitində ümumi hüquqi və ictimai prinsiplərin qorunmasıdır. Buna görə də məktəbli geyimi məsələsinə qarşıdurma prizmasından deyil, təhsilin mahiyyəti, qanunvericiliyin tələbləri və uşaqların mənafeyi baxımından yanaşılmalıdır. Heç bir şagird geyiminə, dini etiqadına və ya sosial vəziyyətinə görə alçaldılmamalı, hər kəsin hüquq və ləyaqətinə hörmət edilməlidir.

Məktəbin əsas məqsədi şagirdləri zahiri görünüşlərinə görə fərqləndirmək deyil, onların intellektual və mənəvi inkişafına şərait yaratmaqdır. Vahid məktəbli forması geyim fərqlərini arxa plana keçirərək, dini və digər fərdi fərqliliklərin şagirdlər arasında ayrı-seçkilik və qarşıdurma səbəbinə çevrilməsinin qarşısını almağa, dünyəvi, sağlam və bərabər təhsil mühitinin qorunmasına töhfə verir. Məktəbdə hər bir uşaq özünü rahat və təhlükəsiz hiss etməli, diqqətini biliyə, düşüncəyə və gələcək hədəflərinə yönəltməlidir.

Unutmayaq: məktəbli formasının məqsədi hamını eyniləşdirmək deyil, hər bir uşağın bərabər imkanlarla təhsil almasını dəstəkləməkdir. Təhsildə bərabərlik, dini etiqad azadlığına hörmət, qarşılıqlı anlayış və sağlam düşüncə güclü cəmiyyətin təməlidir.

Yeganə Abbasova,
YAP Nizami rayon təşkilatı “Bəhruz Buriyev küçəsi, 10a” ərazi partiya təşkilatının sədr müavini, Nizami Bələdiyyəsinin sədr müavini

Oxşar Xəbərlər

Back to top button