
Təhsil müəssisələrində sağlam mənəvi mühitin formalaşdırılması, nizam-intizamın qorunması və tədris prosesinin səmərəli təşkili bir sıra mühüm amillərlə bağlıdır. Bu amillər sırasında təhsilalanların və təhsilverənlərin geyim mədəniyyəti xüsusi yer tutur. Məktəbdə vahid geyim qaydalarına əməl olunması yalnız xarici görünüş məsələsi deyil, həm də təhsil müəssisəsinin daxili intizamını, kollektiv məsuliyyətini və təhsil mədəniyyətini əks etdirən mühüm göstəricidir.
Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində geyimlə bağlı tələblərin hüquqi əsasları qanunvericiliklə müəyyən edilir. 2026-cı il 7 iyul tarixində “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərə əsasən, dövlət ümumi təhsil müəssisələrində həm təhsilalanlar, həm də təhsilverənlər geyimlə bağlı müəyyən edilmiş tələblərə riayət etməlidirlər. Həmin dəyişikliklərlə valideynlərin də övladlarının geyim forması ilə bağlı tələblərə əməl etməsini təmin etmək vəzifəsi qanunvericilikdə təsbit olunub. Bu yanaşma məktəb, ailə və müəllim arasında məsuliyyət bölgüsünün gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Şagirdlərin vahid məktəbli forması ilə təmin olunmasının əsas məqsədlərindən biri təhsil mühitində bərabərliyin və nizam-intizamın möhkəmləndirilməsidir. Eyni geyim formasının tətbiqi şagirdlər arasında geyimə görə fərqlənmənin azalmasına, məktəbə aidiyyət hissinin güclənməsinə və tədris prosesinə daha ciddi münasibətin formalaşmasına töhfə verir. Məktəbli forması uşaqlarda səliqəli görünüş, məsuliyyət və ictimai qaydalara hörmət kimi keyfiyyətlərin inkişafına da müsbət təsir göstərir. Bununla yanaşı, geyim formalarının hazırlanmasında şagirdlərin sağlamlığına uyğun, keyfiyyətli və rahat materiallardan istifadə olunması vacib şərtdir.
Təhsilalanlar üçün müəyyən edilmiş geyim qaydaları ilə yanaşı, müəllimlərin və digər təhsilverənlərin xarici görünüşü də məktəb mühitində xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 6 oktyabr tarixli 325 nömrəli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyimi ilə bağlı tələblər təsdiq edilib. Müəllimin səliqəli, təmkinli və pedaqoji fəaliyyətə uyğun geyimi onun peşəkar nüfuzunun qorunmasına, şagirdlərdə müsbət nümunə formalaşmasına və məktəbdə işgüzar mühitin möhkəmlənməsinə xidmət edir. Müəllim yalnız bilik verən şəxs deyil, eyni zamanda davranışı, ünsiyyəti və şəxsi nümunəsi ilə şagirdlərin dünyagörüşünə təsir göstərən tərbiyəçidir.
Geyim qaydalarının tətbiqində məktəb rəhbərliyinin, pedaqoji kollektivin və valideynlərin üzərinə mühüm vəzifələr düşür. Məktəb rəhbərliyi müəyyən edilmiş tələblərin izahını verməli, onların icrasına nəzarəti təşkil etməli, yaranan məsələlərin qanunvericiliyə uyğun həllinə şərait yaratmalıdır. Valideynlər isə övladlarının məktəbli forması ilə təmin olunmasına və həmin qaydalara riayət etməsinə diqqət göstərməlidirlər. Bu prosesdə şagirdlərin hüquq və ləyaqətinə hörmətlə yanaşılması, məsələlərin maarifləndirmə və qarşılıqlı anlaşma yolu ilə həlli də vacibdir.
Nəticə etibarilə, dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün geyim tələblərinin müəyyənləşdirilməsi məktəblərdə vahid yanaşmanın, intizamlı mühitin və təhsil mədəniyyətinin inkişafına yönəlmiş mühüm addımdır. Bu tələblərin məqsədi yalnız zahiri görünüşü tənzimləmək deyil, həm də məktəbə hörmət, kollektiv məsuliyyət və peşəkar davranış prinsiplərini gücləndirməkdir. Qaydaların düzgün tətbiqi məktəb, ailə və cəmiyyət arasında əməkdaşlığı möhkəmləndirərək keyfiyyətli təhsil mühitinin formalaşmasına xidmət edir.
Yalçın İsmayılov,
YAP Ağstafa rayon təşkilatının sədr müavini



