
Dövlət ümumi təhsil müəssisələrində şagird və müəllimlərin geyimi ilə bağlı tələblər müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Bu qaydalar məktəblərdə vahid yanaşmanın formalaşdırılması, təhsil prosesinin təşkili, daxili intizamın qorunması və işgüzar mühitin təmin olunmasını nəzərdə tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” sənədinə dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, müəyyən edilmiş geyim formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilmir. Bununla yanaşı, Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə icazə verilir.
Nazirlər Kabinetinin 2026-cı il 6 oktyabr tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər” də təsdiq edilib. Tələblərə əsasən, təhsilverənlərin geyimi mövsümə uyğun, təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalıdır. Geyim elementləri ümumi təhsilin dünyəvilik prinsipinə uyğun gəlməli, müəllimin əmək funksiyalarının icrasına mane olmamalıdır. Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq, texnologiya, fizika, kimya və biologiya fənlərinin tədrisi zamanı isə məşğələnin xarakterinə və iş şəraitinə uyğun funksional, rahat geyimlərdən istifadəyə imkan verilir. Beləliklə, şagird və müəllimlərin geyimi ilə bağlı tələblər ayrı-ayrı sənədlərlə tənzimlənsə də, ümumi məqsəd məktəbdə müəyyən edilmiş qaydaların ardıcıl tətbiqini və təhsil prosesinin təşkilini təmin etməkdir.
Səfərova Pərvanə ,
Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi



