
14 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının Qubalıbalaoğlan kənd ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlərdən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş görüş keçirildi.
Aktualinfo Media Qrup xəbər verir ki,tədbirdə YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, VIII Qurultay nümayəndələrindən Hacıqabul rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanov, Hacıqabul rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Səyavuş Məmmədov, o cümlədən Qubalıbalaoğlan kənd, Rəncbər kənd, Pirsaatçay qəsəbə 1 və Pirsaatçay qəsəbə 2 saylı ərazi partiya təşkilatlarının fəalları iştirak etdilər.
YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov çıxış edərək VIII Qurultayın ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətindən, Prezident İlham Əliyevin nitqində qarşıya qoyulan hədəf və vəzifələrdən danışdı. Natiq qeyd etdi ki, Azərbaycanın qazandığı tarixi nailiyyətlərin qorunması, dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasının dəstəklənməsi və partiyanın cəmiyyətdəki mövqeyinin daha da möhkəmləndirilməsi hər bir partiya üzvündən məsuliyyətli yanaşma tələb edir. Bu baxımdan, yerli təşkilatların fəaliyyətinin gücləndirilməsi, vətəndaşlarla əlaqələrin genişləndirilməsi və partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəallığının artırılması mühüm vəzifələrdəndir.
Qrultay nümayəndələri Sahib Aslanov və Səyavuş Məmmədov çıxışlarında Qurultayda müəyyənləşdirilən prioritetlərin yerli səviyyədə həyata keçirilməsi, ərazi təşkilatının fəaliyyətinin təkmilləşdirilməsi, partiya üzvləri arasında birliyin möhkəmləndirilməsi məsələlərinə toxundular və Qurultayda səsləndirilən fikirlərin ölkənin gələcək inkişafı baxımından əhəmiyyətini vurğuladılar. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar, ölkənin iqtisadi potensialının gücləndirilməsi istiqamətində görülən işlər və bu prosesdə hər bir vətəndaşın məsuliyyəti barədə fikirlərini bölüşərək, partiya üzvlərinin dövlət siyasətinin mahiyyətinin cəmiyyətə çatdırılmasında və ictimai fəallığın artırılmasında roluna da diqqət çəkdilər.
Görüşdə partiya veteran, kənd ağsaqqalı Mircəfər Əsgərov, Rəncbər bələdiyyəsinin sədri Əllamə İsmayılov və digər iştirakçılar da çıxış etdilər. Onlar Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqində səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq, müəyyənləşdirilən strateji hədəflərin həyata keçirilməsində partiya üzvlərinin vəzifələri, milli həmrəyliyin qorunması və ölkəmizin davamlı inkişafına töhfə verilməsi ilə bağlı fikirlərini bölüşüblər.




