
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlərdən irəli gələn vəzifələrin müzakirəsi məqsədilə YAP Tərtər rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə tədbirlər və görüşlər davam etdirilir
Bu çərçivədə YAP Tərtər rayon təşkilatının Səhləbad ərazi partiya təşkilatında keçirilən tədbirdə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüş zamanı VIII Qurultayda səsləndirilən fikirlər, partiyanın qarşısında duran əsas vəzifələr, təşkilati fəaliyyətin təkmilləşdirilməsi, gənclərlə işin gücləndirilməsi və partiya üzvlərinin ictimai-siyasi proseslərdə iştirakı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxışında Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn məsələlərin əhəmiyyətini vurğulayıb. O, yerli partiya təşkilatlarının qarşısında duran vəzifələrdən, üzvlərin fəallığının artırılmasından, eləcə də müəyyənləşdirilmiş məqsədlərin həyata keçirilməsi istiqamətində görüləcək işlərdən danışıb.
Tədbirdə çıxış edən digər iştirakçılar partiyanın əsas fəaliyyət istiqamətləri, ölkənin inkişaf prioritetləri, ictimaiyyətlə əlaqələrin genişləndirilməsi və vətəndaşlarla işin səmərəli təşkili məsələlərinə toxunublar
VIII Qurultayda Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən strateji istiqamətlər partiyanın yerli təşkilatlarının fəaliyyətində mühüm rol oynayır. Bu baxımdan qurultayda qarşıya qoyulan vəzifələrin dərindən öyrənilməsi, partiya üzvləri arasında geniş izah olunması və gündəlik fəaliyyət zamanı nəzərə alınması vacib məsələlərdən biri kimi diqqətə çatdırılıb.




