AnalitikaGündəmSiyasət

Məktəbdə geyim qaydaları və ideoloji təhlükəsizlik

Təhsil hər bir dövlətin gələcəyini müəyyən edən, milli kimliyin qorunmasında, vətəndaşlıq mövqeyinin formalaşmasında və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında mühüm rol oynayan strateji sahədir. Dövlət ümumi təhsil müəssisələri yalnız bilik və bacarıqların aşılandığı məkan deyil, eyni zamanda, şəxsiyyətin formalaşdığı, intizamın, məsuliyyətin, qarşılıqlı hörmətin və vətənpərvərlik hisslərinin inkişaf etdiyi mühüm ictimai mühitdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında ideoloji təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilmişdir. Dövlət başçısı ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər əhəmiyyətli olduğunu vurğulamış, bu sahədə təhsilin, bilik və savadın, vətənpərvərliyin, milli dəyərlərin qorunmasının vacibliyini qeyd etmişdir. Bu yanaşma təhsil müəssisələrində sağlam mənəvi mühitin yaradılmasının və gənc nəslin milli ruhda tərbiyəsinin əhəmiyyətini bir daha ön plana çıxarır.

Geyim mədəniyyəti və ideoloji təhlükəsizlik

Dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimi ilə bağlı tələblər təhsil mühitində nizam-intizamın, səliqənin, məsuliyyətin və vahid məktəb mədəniyyətinin formalaşmasına xidmət edir. Geyim qaydalarına əməl olunması məktəbin daxili nizamının qorunması ilə yanaşı, təhsilalanlarda ictimai məsuliyyət, kollektivə hörmət və öz davranışına diqqətlə yanaşmaq kimi keyfiyyətlərin inkişafına da töhfə verir.

Vahid məktəbli forması təhsilalanlar arasında zahiri fərqlərin və geyimlə bağlı sosial müqayisələrin azalmasına, diqqətin təhsilə və şəxsi inkişafa yönəlməsinə şərait yaradır. Təhsilverənlərin səliqəli, işgüzar və pedaqoji fəaliyyətin xarakterinə uyğun geyimi isə onların peşəkar mövqeyini nümayiş etdirir və şagirdlər üçün nümunəvi davranış mədəniyyətinin formalaşmasına kömək edir.

Geyimlə bağlı tələblərin ideoloji təhlükəsizliklə əlaqəsi ilk növbədə milli-mənəvi dəyərlərin qorunması, milli kimliyə hörmətin aşılanması və dünyəvi təhsil prinsiplərinə uyğun mühitin təmin edilməsi ilə bağlıdır. Bununla belə, geyim qaydaları ideoloji təhlükəsizliyin yalnız bir tərkib hissəsidir. İdeoloji dayanıqlığın formalaşması üçün şagirdlərdə tənqidi düşüncə, informasiya savadlılığı, tarixi yaddaş, milli-mənəvi dəyərlərə hörmət və müstəqil fikir yürütmək bacarıqları da inkişaf etdirilməlidir.

Samirə Ələkbərova,
YAP fəalı, Hacıqabul şəhər 10 saylı tam orta ümumtəhsil məktəbin direktöru

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button