
Nəsimi rayonu Rəşid Behbudov küçəsi,134 ünvanında Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışının müzakirəsinə həsr olunmuş müşavirə keçirilib
Aktualinfo Media Qrup xəbər verir ki, oktyabrın 13-də Nəsimi rayonu Rəşid Behbudov küçəsi,134 ünvanında (Azərbaycan Dillər Universiteti) Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışına həsr olunmuş müşavirə keçirilib.
Müşavirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rəşid Behbudov küçəsi,134 ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Azərbaycan Dillər Universitetində rektorun müşaviri Coşqun Dadaşov müşavirə iştirakçılarını salamlayıb, siyasi həmfikirlərinə fəaliyyətlərində uğurlar arzulayıb.
Rektorun müşaviri Coşqun Dadaşov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlərin əhəmiyyətindən danışıb.
Söylənilib ki, dövlət başçısının çıxışı ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, siyasi sabitliyin qorunması və milli maraqların təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Çıxışda Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında oynadığı rola, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına diqqət çəkilib.
Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflər Azərbaycanın davamlı inkişafının təmin edilməsi, ölkənin beynəlxalq mövqeyinin daha da gücləndirilməsi və milli birliyin qorunması, baxımından mühüm əhəmiyyət kəsb edir.
Söylənilib ki, müasir dövrdə informasiya təhlükəsizliyinin təmin edilməsi, dezinformasiyaya qarşı mübarizə və cəmiyyətin milli maraqlar ətrafında həmrəyliyinin gücləndirilməsi ideoloji təhlükəsizliyin əsas istiqamətlərindəndir.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov VIII Qurultayın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultay olduğunu vurğulayıb və Partiya Sədrinin nitqini qarşıdakı illər üçün strateji yol xəritəsi kimi dəyərləndirib. O, nitqdən irəli gələn vəzifələri diqqətə çatdırıb. Bunlar sırasında qurultay materiallarının ilk partiya təşkilatlarında formal yox, canlı müzakirə formatında öyrənilməsini, ideoloji işin müasir formatda qurulmasını və sosial şəbəkələrdə fəallığın artırılmasını qeyd edib. Həmçinin tarixi yaddaşın qorunmasını və gənclərlə işin gücləndirilməsini, şəhid ailələrinə, qazilərə və veteranlara qayğını, «Böyük Qayıdış»a dəstəyi və Azərbaycan dilində keyfiyyətli informasiya məkanının yaradılmasını vacib vəzifələr kimi sadalayıb.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, həmçinin Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında rolundan, partiyanın qarşısında duran vəzifələrdən və bu istiqamətdə görüləcək işlərin əhəmiyyətindən danışıb. O, partiya üzvlərinin dövlət siyasətinin əsas istiqamətlərinin təbliğində, cəmiyyətlə əlaqələrin gücləndirilməsində və gənclərin ictimai fəallığının artırılmasında üzərinə düşən məsuliyyəti diqqətə çatdırıb.
ADU-nun rektoru, akademik Kamal Abdulla çıxışında dövlət başçısının Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışının ölkənin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi, milli maraqların qorunması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Akademik Kamal Abdulla çıxışında təhsil müəssisələrinin, xüsusilə ali təhsil ocaqlarının gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və yüksək intellektual səviyyəyə malik vətəndaşlar kimi yetişdirilməsində mühüm rol oynadığını söyləyib.
O, Azərbaycan Dillər Universitetində bu istiqamətdə həyata keçirilən işlərdən, tələbələrdə dövlətçilik düşüncəsinin və milli kimlik şüurunun formalaşdırılmasının vacibliyindən söz açıb.
Rektor, həmçinin ölkənin inkişafı naminə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində həmrəyliyin, məsuliyyətin və fəal vətəndaş mövqeyinin əhəmiyyətini vurğulayıb.
Bildirilib ki, bu gün ADU-nun səkkiz ölkədə Azərbaycan dili və Mədəniyyəti mərkəzlərinin fəaliyyəti Azərbaycan dilinin, milli-mədəni dəyərlərimizin və zəngin ədəbi irsimizin beynəlxalq miqyasda təbliğinə mühüm töhfə verir.
Qeyd olunub ki, bu mərkəzlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin mədəniyyətinin tanıdılması və xalqlar arasında elmi-mədəni əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli rol oynayır.
Vurğulanıb ki, Azərbaycan dilinin xarici ölkələrdə tədrisi və öyrənilməsi ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına, eləcə də Azərbaycan mədəniyyətinə marağın gücləndirilməsinə xidmət edir.
Daha sonra çıxış edənlər ADU HİK sədri, dosent Misgər Məmmədov, ADU-nun BM və Regionşünaslıq fakülətsinin dekanı, professor İbrahim Kazımbəyli və Filologiya fakültəsinin birinci kurs tələbəsi Ayşən Nuriyeva Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlərin əhəmiyyətindən danışıblar.
Çıxışlarda ölkənin ictimai-siyasi həyatında baş verən proseslər, dövlətçilik ənənələrinin qorunması, milli maraqların təmin edilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi diqqətə çatdırılıb.
Natiqlər, həmçinin təhsil müəssisələrinin cəmiyyətin inkişafında rolunu vurğulayaraq, tələbələr arasında milli-mənəvi dəyərlərin təbliğinin və dövlətçilik düşüncəsinin gücləndirilməsinin əhəmiyyətini qeyd ediblər.
Müşavirədə Prezident İlham Əliyevin çıxışında irəli sürülən məsələlərin müzakirəsi aparılıb, qarşıda duran vəzifələr və onların həyata keçirilməsində partiya üzvlərinin məsuliyyəti barədə fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və müşavirə bağlı elan olunub.




