
Sosial dövlət anlayışı dövlətin yalnız təhlükəsizliyi və ictimai asayişi təmin etməsi ilə məhdudlaşmır. Bu model vətəndaşların layiqli həyat şəraitinin yaradılmasını, sosial müdafiənin gücləndirilməsini, təhsil və səhiyyə imkanlarının genişləndirilməsini, sosial bərabərsizliyin azaldılmasını nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiyası sosial dövlət prinsiplərini təsbit etməklə dövlət siyasətinin insan rifahına istiqamətlənmiş hüquqi əsaslarını müəyyən edib.
1995-ci il Konstitusiyasında əmək, sosial təminat, sağlamlığın qorunması, təhsil və digər sosial hüquqların təsbit olunması vətəndaşların rifahının hüquqi müdafiəsi baxımından mühüm addım idi. Bu hüquqlar dövlətin sosial siyasətinin istiqamətlərini müəyyənləşdirir və vətəndaşların fundamental ehtiyaclarının təmin olunmasını prioritet məsələ kimi önə çıxarır. Konstitusiyanın sosial məzmunu dövlətin iqtisadi inkişaf nəticələrinin cəmiyyətin müxtəlif təbəqələri arasında daha ədalətli bölüşdürülməsinə də hüquqi zəmin yaradır.
Ümummilli Lider Heydər Əliyevin dövlətçilik strategiyasında sosial sabitlik və əhalinin rifahının yaxşılaşdırılması mühüm yer tuturdu. İqtisadi islahatların həyata keçirilməsi, əmək münasibətlərinin hüquqi tənzimlənməsi və sosial müdafiə sisteminin formalaşdırılması müstəqil Azərbaycanın inkişaf modelinin əsas istiqamətlərindən idi. Bu siyasət dövlətin iqtisadi imkanlarının genişləndirilməsi ilə sosial məsuliyyətin paralel şəkildə inkişaf etdirilməsinə xidmət edirdi.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə sosial siyasətin əhatə dairəsi daha da genişlənib. Əməkhaqlarının və pensiyaların artırılması, sosial müavinətlərin təkmilləşdirilməsi, məşğulluq proqramlarının həyata keçirilməsi, aztəminatlı ailələrə dəstək və şəhid ailələri ilə qazilərin sosial müdafiəsi bu istiqamətdə görülən tədbirlərdəndir. Azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işləri də əhalinin sosial rifahının yüksəldilməsi və təhlükəsiz yaşayış şəraitinin yaradılması məqsədi daşıyır.
Sosial dövlətin gücü yalnız ayrılan maliyyə resursları ilə deyil, həm də sosial hüquqların real təminatı ilə ölçülür. Bu baxımdan, Konstitusiyanın sosial müddəalarının ardıcıl həyata keçirilməsi, dövlət xidmətlərinin əlçatanlığının artırılması və sosial ədalət prinsipinin qorunması mühüm əhəmiyyət daşıyır. Azərbaycan dövlətinin gələcək inkişafında iqtisadi tərəqqi ilə vətəndaş rifahının uzlaşdırılması əsas prioritetlərdən biri olaraq qalır.
Aysel Məmmədova,
YAP Nizami rayon təşkilatının “Cəmşid Naxçıvanski küçəsi, 348a” ərazi partiya təşkilatının sədri



