
2025-ci il aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri baş tutmuş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü olmuş, görüş xoş təəssüratlar, səmimi söhbətlər, gözəl görüntülərlə müşayət olunmuşdur. Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 25 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 12 mart 1992-ci ildə qurulmuşdur. 1969-cu ildə İranın Bakı şəhərində açılmış konsulluğu 1992-ci ilin mart ayından İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi kimi fəaliyyətini davam etdirir. 1992-ci ilin dekabr ayında isə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfirliyi fəaliyyətə başlamışdır. İranın Naxçıvan şəhərində Baş Konsulluğu 1992-ci ilin mart ayından, Azərbaycan Respublikasının Təbriz şəhərində Baş Konsulluğu 20 oktyabr 2004-cü ildən fəaliyyət göstərir. İran Prezidentinin Azərbaycana sonuncu rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. Səfər zamanı aparılan danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət getdi, fikir bildirildi, Azərbaycan-İran strateji münasibətləri bir daha təsdiqləndi. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın böyük heyətlə Azərbaycana gəlməsi və bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha hər iki dövlətin xoş niyyətini göstərir, dövlətlərin bütün istiqamətlər üzrə bir-birinə daha yaxın olmağa çalışdığının biruzə verir. Beynəlxalq təşkilatlar çərçivəsində də bir-birimizi ənənəvi olaraq dəstəkləyirik. Bu barədə də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadırlar. Azərbaycanla İran arasında Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Gürcüstan-Türkiyə və 3+3 regional məşvərət mexanizmi çərçivəsində də əməkdaşlıq mövcuddur.
Azərbaycan Respublikası İran İslam Respublikası ilə hər iki tərəfdən güclü siyasi iradənin mövcudluğu təməl olmaqla, mehriban qonşuluq, bərabərhüquqluluq, qarşılıqlı hörmət və faydaya əsaslanan əlaqələrin inkişafına önəm verir. Xalqlar arasında tarixi və mədəni bağlılıqlar iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə inkişafı üçün zəmin yaradır və bu gün ikitərəfli əlaqələrimiz ticarət-iqtisadi, enerji, energetika, nəqliyyat logistika, kənd təsərrüfatı, humanitar və digər sahələr üzrə inkişaf edir. Ümumiyyətlə, hər iki dövlət arasındakı münasibətlər geniş gündəlik əsasında fəaliyyət göstərir. Burada həm regional təhlükəsizlik məsələləri önəmli rol oynayır, eyni zamanda, çoxtərəfli əməkdaşlıq üçün gözəl şərait var. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş də çox məhsuldar olmuşdur. Keçirilən görüşlərin nəticəsində “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramı”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında 2025-2026-cı illər üçün nəqliyyat sahəsində hərtərəfli əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2025-2028-ci illər üzrə Mədəni Mübadilə Proqramı”, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında media əməkdaşlığı haqqında Anlaşma Memorandumu” adlı sənədlər imzalandı. Ümumiyyətlə, indiyədək Azərbaycan və İran arasında müxtəlif sahələri əhatə edən 147 sənəd imzalanmışdır.
Ölkələrimiz arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası 1992-ci ildən etibarən fəaliyyət göstərir. Dövlət Komissiyasının sonuncu iclası 10-11 mart 2022-ci ildə Bakı şəhərində keçirilmişdir. Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri AR Baş nazirinin müavini Şahin Mustafayev, İran tərəfindən isə İİR-in yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşdır. İmzalanan sənədlərin əhatə etdiyi məzmun xəttinin genişliyi bir daha göstərir ki, məramımız, məqsədimiz birdir – Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır. Təbii olaraq ticarət əlaqələrimizin inkişafı ilə bağlı da konkret göstərişlər verildi. Əminəm ki, qəbul edilmiş qərarlar bizim əlaqələrimizi uzun illər bundan sonra yüksələn xətlə aparacaq. Görüş əsnasında üçtərəfli əməkdaşlıq layihələri də geniş müzakirə edildi. Onların arasında, təbii olaraq, Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihə bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun – bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq.
Eyni zamanda, humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verildi. Müəyyən edildi ki, sonuncu qarşılıqlı mədəniyyət günləri səkkiz il bundan əvvəl keçirilmişdir və birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günləri keçirilməsi qərara alındı. Xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni, qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir.
Feyziyeva Elnarə,
Xəzər rayonu, Z.Ağayev adına 241 saylı tam orta məktəbin müəllimi