AnalitikaGündəmSiyasət

8 Noyabr – Zəfər Günü: İşğal dövründə dövlətimizin mütləq prioriteti

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində milli qürur, birlik, iradə və dövlətçilik əzminin təntənəsi kimi əbədi yaşayacaqdır. Bu möhtəşəm Zəfər yalnız hərbi qələbə deyil, həm də Azərbaycan dövlətinin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü siyasətin, strateji düşüncənin və xalqımızın sarsılmaz həmrəyliyinin parlaq nəticəsidir.

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanıldığı bütün dövr ərzində ölkəmizin qarşısında duran ən mühüm və dəyişməz prioritet ərazi bütövlüyünün və suverenliyinin bərpası olmuşdur. Dövlətimizin bütün siyasi, diplomatik, iqtisadi və hərbi strategiyası məhz bu ali məqsəd ətrafında formalaşdırılmışdır.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, beynəlxalq mövqelərinin gücləndirilməsinə və milli maraqlarının qorunmasına xidmət etmişdir. Onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bu strateji hədəfə doğru inamla irəliləmişdir.

İşğal dövründə Azərbaycan bir tərəfdən münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə nail olmaq üçün ardıcıl diplomatik fəaliyyət göstərmiş, digər tərəfdən isə güclü iqtisadiyyat, müasir ordu və müdafiə potensialı formalaşdırmışdır. Ölkənin sosial-iqtisadi inkişafı, müdafiə sənayesinin gücləndirilməsi, Silahlı Qüvvələrin müasir standartlara uyğun qurulması və beynəlxalq əlaqələrin genişləndirilməsi ərazi bütövlüyümüzün bərpasına hesablanmış vahid dövlət strategiyasının mühüm istiqamətləri olmuşdur.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixi iradəsini və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirdi. 44 gün davam edən müharibə ərzində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa etdi. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması isə Zəfərimizin ən mühüm və rəmzi hadisələrindən birinə çevrildi.

Bu Qələbə şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın birliyi və dövlətimizin qətiyyətli siyasəti hesabına qazanıldı. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam bərpası tarixi Zəfərimizin məntiqi tamamlanması oldu.

Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi, Böyük Qayıdış Proqramının icrası, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı dövlətimizin qarşısında duran əsas vəzifələrdəndir. İşğal dövründə ərazi bütövlüyünün bərpası mütləq prioritet olduğu kimi, postmüharibə dövründə də azad edilmiş torpaqların dirçəldilməsi, insanların doğma yurdlarında təhlükəsiz və layiqli yaşayışının təmin edilməsi strateji əhəmiyyət daşıyır.

8 Noyabr – Zəfər Günü bizə bir daha göstərir ki, milli birlik, güclü dövlətçilik, qətiyyətli liderlik və vətənpərvərlik ən mürəkkəb tarixi sınaqların belə öhdəsindən gəlməyə imkan verir. Bu möhtəşəm Zəfər Azərbaycan xalqının heç vaxt işğalla barışmadığının, milli maraqlarından geri çəkilmədiyinin və öz tarixi torpaqlarına sahib çıxmaq əzmində olduğunun əyani sübutudur.

Zəfərimiz əbədi, dövlətçiliyimiz sarsılmaz, üçrəngli bayrağımız daim yüksəklərdə olsun!

Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!

 

İsrayılov Amil,
YAP Şirvan şəhər təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button