AnalitikaGündəmSiyasət

8 Noyabr – Zəfər Günü: Azərbaycan xalqının milli qürur və iftixar günü

8 Noyabr Azərbaycan xalqının tarixində qızıl hərflərlə yazılmış, milli qürur və iftixar mənbəyinə çevrilmiş əlamətdar bir gündür. Bu gün xalqımızın birliyini, əzmini, qəhrəmanlığını və Vətən sevgisini bütün dünyaya nümayiş etdirən Zəfər Günüdür. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş, noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi isə müharibənin taleyində həlledici rol oynamışdır.

Bu tarixi Qələbə Azərbaycan xalqının uzun illər ərzində apardığı mübarizənin, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinin, milli birliyin və Azərbaycan Ordusunun qəhrəmanlığının nəticəsidir.

Zəfər tariximizin təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası dayanır. Heydər Əliyev Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması, iqtisadi inkişafın sürətləndirilməsi və güclü ordunun formalaşdırılması istiqamətində mühüm addımlar atmışdır.

Ulu Öndər hər zaman Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına inanır, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğulayırdı. Onun müəyyən etdiyi siyasi kurs gələcək Qələbəmizin əsasını təşkil edən mühüm amillərdən biri olmuşdur.

Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, Vətənə bağlılığı və Azərbaycan xalqının gələcəyinə olan inamı bu gün də ölkəmizin inkişafında mühüm rol oynayır. Ulu Öndərin ən böyük arzularından biri olan torpaqlarımızın işğaldan azad edilməsi məhz onun siyasi kursunun davam etdirilməsi nəticəsində gerçəkləşmişdir.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin artırılması istiqamətində ardıcıl siyasət həyata keçirmişdir.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının öz torpaqlarını azad etmək əzmini bütün dünyaya nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində tarixi Qələbəyə imza atdı.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla noyabrın 8-i Azərbaycanda Zəfər Günü elan edildi. Bu tarix xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Bu gün azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, yollar, məktəblər, yaşayış evləri, xəstəxanalar və digər sosial infrastruktur obyektləri inşa edilir.

Uzun illər doğma yurdlarından ayrı düşmüş soydaşlarımızın öz torpaqlarına qayıtması Zəfərimizin ən mühüm nəticələrindən biridir. Şuşada, Füzulidə, Zəngilanda, Laçında, Ağdamda və digər ərazilərimizdə aparılan quruculuq işləri Azərbaycanın gələcəyə inamla addımladığını göstərir.

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biridir. Bu gün biz Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edir, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi Qələbəni böyük qürur hissi ilə qeyd edirik.

Bu Zəfərin arxasında canlarından keçən şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın birliyi və dövlətimizin gücü dayanır.

Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, qazilərimizə hər zaman ehtiram göstərəcəyik. Bizə bu Qələbəni yaşadan qəhrəmanlarımızı heç vaxt unutmayacağıq.

Qoy üçrəngli Azərbaycan bayrağı daim yüksəklərdə dalğalansın!

Yaşasın Azərbaycan xalqının birliyi və həmrəyliyi!

 

Babayev Ramil,
YAP Şirvan şəhər təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button