GündəmSosial

“Calğalıbulaq” ərazi partiya təşkilatında iclas keçirilib

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri cənab İlham Əliyevin YAP-nın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı 23 oktyabr 2026-cı il tarixində Şəki şəhər 5 nömrəli tam orta məktəbin akt zalında YAP Şəki rayon təşkilatının “Calğalıbulaq” ərazi partiya təşkilatının (ƏPT) iclası keçirilib.

İclasda Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının və məktəbin rəhbərliyi əməkdaşlar, müəllimlər və ƏPT-nın qeydiyyatında olan partiya üzvləri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Qurultay nümayəndəsi, Şəki Ağsaqqallar Şurasının sədr müavini, “Dəyirmanarxı” ƏPT-nın sədri Elxan Abdullayev, Şəki şəhər 5 nömrəli tam orta məktəbin direktoru Gülnarə Nəsibova, məktəbin direktor müavini “Calğalıbulaq” ƏPT-nın sədri Ülvi Məmmədov, məktəbin müəllimi Nərmin Musayeva, məktəbin valideyn komitəsinin sədri Dilbazi Cəmilov çıxış ediblər.
Çıxışlarda Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlərin, müəyyənləşdirilən strateji hədəflərin və qarşıya qoyulan vəzifələrin əhəmiyyəti diqqətə çatdırılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, milli maraqların qorunması, dövlət müstəqilliyinin və suverenliyin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən siyasət vurğulanıb.
Bildirilib ki, Yeni Azərbaycan Partiyasının qarşısında duran əsas vəzifələrdən biri cəmiyyətlə sıx əlaqələrin möhkəmləndirilməsi, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması, dövlətçilik ideyalarının təbliği və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verməkdir. Bu baxımdan ərazi partiya təşkilatlarının fəaliyyəti, üzvlərin təşəbbüskarlığı və ictimai proseslərdə fəal iştirakı xüsusi əhəmiyyət kəsb edir.
Təhsil müəssisələrinin cəmiyyətin inkişafında mühüm rol oynadığı qeyd olunaraq müəllimlərin gənc nəslin milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə və Vətənə sədaqət ruhunda yetişdirilməsindəki məsuliyyəti diqqətə çatdırılıb. Eyni zamanda, məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi və partiya üzvlərinin maarifləndirici fəaliyyətinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
İclasda YAP Şəki rayon təşkilatının qarşısında duran vəzifələr, ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, partiya üzvlərinin fəallığının artırılması və VIII Qurultayda irəli sürülən müddəaların yerlərdə ardıcıl şəkildə təbliği ilə bağlı fikir və mülahizələr səsləndirilib.
Sonda Yeni Azərbaycan Partiyasının hər bir üzvünün dövlətə və dövlətçiliyə sədaqət, yüksək məsuliyyət və fəal vətəndaş mövqeyi nümayiş etdirərək ölkəmizin davamlı inkişafına öz töhfəsini verməli olduğu qeyd olunub.

Oxşar Xəbərlər

Back to top button