
25 Oktyabr – Qubadlı şəhəri günü xalqımızın tarixi Zəfərinin, milli birliyinin və gələcəyə olan inamının rəmzidir. Bu əlamətdar gün 2020-ci ildə Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə bağlıdır və hər il böyük qürur hissi ilə qeyd olunur.
Uzun illər işğal altında qalan Qubadlı öz sakinlərinin qəlbində doğma yurd, ata-baba ocağı və Vətən sevgisinin simvolu kimi yaşayıb. Qubadlının azadlığı yalnız hərbi qələbə deyil, həm də tarixi ədalətin bərpası və doğma torpaqlara qayıdış ümidinin gerçəkləşməsi deməkdir.
Bu gün azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri Azərbaycanın inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Qubadlının gələcək inkişafı üçün yolların, mühəndis-kommunikasiya sistemlərinin və digər infrastruktur obyektlərinin yaradılması istiqamətində işlər görülür. Şəhərin təsdiq olunmuş Baş Planı da onun uzunmüddətli inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Böyük Qayıdış prosesi doğma torpaqlarından didərgin düşmüş insanların öz yurdlarına dönməsini, burada təhlükəsiz və layiqli həyat şəraitinin yaradılmasını hədəfləyir. Qubadlının yenidən qurulması gələcək nəsillərin bu torpaqlarda yaşaması, çalışması və firavan gələcək qurması baxımından xüsusi əhəmiyyət kəsb edir.
25 Oktyabr – Qubadlı şəhəri günü münasibətilə hər bir azərbaycanlının qəlbində qürur və sevinc hissi yaşanır. İnanırıq ki, Qubadlı öz tarixi simasını bərpa edərək Azərbaycanın inkişaf edən şəhərlərindən birinə çevriləcək, doğma yurdun ocaqları yenidən tüstülənəcək və həyat bu torpaqlarda daha da canlanacaqdır.
Elçin İbrahimov,
YAP Şabran rayon təşkilatının məsləhətçisi



