GündəmAnalitikaSiyasət

Qubadlı zəfəri: Böyük Qələbənin astanasında

25 oktyabr 2020-ci il Azərbaycan tarixində əbədi olaraq qürurla xatırlanacaq günlərdən biridir. Həmin gün Qubadlı şəhərinin işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtəsinə çevrildi. Qubadlının azad olunması ilə Azərbaycan Ordusu düşmənin müdafiə xəttinə daha bir sarsıdıcı zərbə vurdu və böyük Zəfərə gedən yolun son və həlledici mərhələlərindən birinə qədəm qoydu.

Qubadlı uğrunda döyüşlər xüsusi mürəkkəbliyi ilə seçilirdi. İşğalçı qüvvələr şəhərdə və ətraf ərazilərdə güclü istehkamlar qurmuş, mühüm yüksəkliklərdə hərbi birləşmələr yerləşdirmişdilər. Bu yüksəkliklərdən Azərbaycan hərbçilərinin mövqelərinə atəş açılırdı. Buna görə də Qubadlının azad edilməsi üçün ilk növbədə şəhərə hakim olan yüksəkliklərin ələ keçirilməsi tələb olunurdu. Azərbaycan Ordusu bu çətin vəzifənin öhdəsindən böyük peşəkarlıq və fədakarlıqla gəldi. İlk olaraq şəhərə hakim olan yüksəkliklər və ətraf kəndlər düşməndən təmizləndi. Nəhayət, oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərini düşməndən azad etdi. Lakin Qubadlı zəfərinin əhəmiyyəti yalnız hərbi qələbə ilə məhdudlaşmırdı. Bu qələbə Azərbaycan Ordusunun müharibənin sonuna doğru üstünlüyünü daha da möhkəmləndirdi və qarşıda böyük Zəfərə aparan yolun açılmasında mühüm rol oynadı. Qubadlının azad edilməsi artıq düşmənin işğal siyasətinin iflasa uğradığını göstərən növbəti tarixi hadisə idi.

Bwtwn müharibə dövründə olduğu kimi bu mərhələdə də Azərbaycan ciddi siyasi və diplomatik təzyiqlərlə də üz-üzə idi. Müharibənin dayandırılması, Azərbaycanın hərbi əməliyyatları davam etdirməməsi və əldə etdiyi üstünlüklərlə kifayətlənməsi istiqamətində müxtəlif çağırışlar səslənirdi. Lakin Azərbaycan öz haqq yolundan dönmədi. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi və prinsipial mövqeyi nəticəsində Azərbaycan Ordusu qarşıya qoyulmuş məqsədə doğru inamla irəlilədi.

Ali Baş Komandanın qətiyyəti Ordunun döyüş meydanındakı əzmini daha da gücləndirdi. Azərbaycan əsgəri bilirdi ki, qarşısında yalnız hərbi vəzifə deyil, həm də uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsi kimi müqəddəs missiya dayanır. Buna görə də Ordumuz qarşıya qoyulmuş məqsəddən geri çəkilmədi, bütün çətinliklərə və təzyiqlərə baxmayaraq sona qədər getdi. Qubadlının azad edilməsi məhz bu iradənin, qətiyyətin və hərbi peşəkarlığın nəticəsi idi. Azərbaycan əsgəri hər qarış torpaq uğrunda döyüşərək düşmənin illərlə qurduğu müdafiə sədlərini dağıtdı. Qubadlıda üçrəngli Azərbaycan bayrağının dalğalanması isə işğal altında olan torpaqlarımızın azadlığına aparan yolun daha bir möhtəşəm qələbəsi oldu.

Qubadlı həm də böyük Zəfərin astanasında yerləşən mühüm dayanacaqlardan biri idi. Bu qələbədən sonra Azərbaycan Ordusunun irəliləyişi davam etdi və cəmi iki həftə ərzində müharibənin taleyini müəyyən edən tarixi nəticə əldə olundu. Şuşanın azad edilməsi ilə Azərbaycanın hərbi üstünlüyü tam şəkildə təmin edildi və 10 noyabr 2020-ci ildə Ermənistanın kapitulyasiyası ilə 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı.

Bu Zəfər Azərbaycan xalqında sözlə ifadə edilməsi çətin olan böyük sevinc və qürur hissi yaratdı. Uzun illər doğma torpaqlarından ayrı düşmüş milyonlarla insan üçün bu, sadəcə hərbi qələbə deyildi. Bu, illərlə gözlənilən ədalətin bərpası, ata-baba torpaqlarına qayıdış ümidinin gerçəkləşməsi və milli qürurun yenidən yüksəlməsi idi. Azərbaycanın şəhər və kəndlərində Zəfər xəbərləri böyük coşqu ilə qarşılandı. İnsanlar küçələrə çıxaraq bayraqlarımızı dalğalandırır, şəhidlərimizin xatirəsini ehtiramla yad edir, Ordumuzun qələbəsini böyük sevinc hissi ilə qeyd edirdilər.

Bu sevincin içində böyük bir qürurla yanaşı, Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə sonsuz ehtiram da vardı. Çünki əldə edilən Zəfər Azərbaycan əsgərinin qanı və canı bahasına qazanılmışdı. Qubadlı uğrunda gedən döyüşlərdə də hərbçilərimiz misilsiz qəhrəmanlıq və fədakarlıq göstərdilər.

Bu gün Qubadlı azaddır. İşğal illərinin ağır izləri artıq geridə qalır. Azad edilmiş torpaqlarda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Qələbənin nəticələrinin real həyata çevrilməsinin göstəricisidir. Qubadlı da yeni inkişaf mərhələsinə qədəm qoyur, doğma yurdlarından didərgin salınmış insanlar öz torpaqlarına qayıtmaq imkanına qovuşurlar.

25 oktyabr Qubadlının tarixində yalnız şəhərin azad edildiyi gün kimi deyil, həm də Azərbaycanın böyük Zəfərə doğru inamla irəlilədiyi günlərdən biri kimi yaşayacaq. Bu tarix bir daha göstərdi ki, siyasi iradə, xalqın birliyi və peşəkar ordu qarşıya qoyulan ən böyük məqsədlərin gerçəkləşməsinə imkan verir.

Arzu Cahangirova,
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinin sədri

Oxşar Xəbərlər

Back to top button