
Azərbaycanın paytaxtı Bakıda keçirilən Zeytun Festivalı yerli sakinlərin və xarici qonaqların iştirakı ilə rəngarəng görüntülərə səhnə olub.
Aktualinfo Media Qrup xəbər verir ki, Bakıdakı Dənizkənarı Milli Parkda təşkil olunan Zeytun Festivalında zeytun və zeytun yağı istehsalçıları öz məhsullarını ziyarətçilərə təqdim ediblər. Festival çərçivəsində qurulan stendlərdə müxtəlif növ zeytun və zeytun yağı məhsulları nümayiş etdirilib.
Gün ərzində festival ərazisini ziyarət edən vətəndaşlar və xarici qonaqlar stendləri gəzərək məhsullar haqqında məlumat alıblar. İştirakçılar müxtəlif zeytun və zeytun yağı növlərini nəzərdən keçirmək və onların dadına baxmaq imkanı da əldə ediblər. Böyük maraqla qarşılanan tədbirdə Azərbaycanda zeytun və zeytun yağı mədəniyyətinin tanıdılmasına yönəlmiş məhsullar və təşəbbüslər diqqət çəkib.
Ayvalık zeytun yağları Bakıda tanıdılıb
Fayton Zeytun Yağları Azərbaycan nümayəndəliyinin icraçı direktoru Faiq Qurbanov festivala və məhsullarına göstərilən maraqdan məmnunluğunu ifadə edib.
Qurbanov bildirib ki, zeytun yağları Türkiyənin Ayvalık bölgəsində yetişdirilən zeytunlardan istehsal olunur.
“Zeytun yağlarımız qardaş Türkiyəmizin Ayvalık bölgəsində yetişdirilən zeytunlardan hazırlanır və orada istehsal olunur. Azərbaycan da daxil olmaqla bir çox ölkəyə satış həyata keçiririk. Bu gün festivalda həm Azərbaycan vətəndaşlarının, həm də xarici qonaqların yağımıza münasibətinin çox müsbət olmasından son dərəcə məmnunuq”, – deyə o bildirib.
Festivalın təşkilində əməyi olanlara təşəkkür edən Qurbanov Azərbaycanda bu cür tədbirlərin sayının artmasını arzuladıqlarını qeyd edib.
Qurbanov deyib: “Şirkətimiz adından festivalın bütün təşkilatçılarına və rəhbər heyətinə təşəkkür edirik. Belə tədbirlərin gözəl Azərbaycanımızda daha çox təşkil olunmasını arzulayır, uğurlar diləyirik. Biz də FAYTON Premium Zeytun Yağları olaraq bu cür tədbirlərdə məmnuniyyətlə iştirak etmək və Azərbaycana öz töhfəmizi vermək istəyirik”.
“Festival ərazisində əsl bayram ab-havası hökm sürür”
Festivalın ziyarətçisi Marina Kulikova da tədbirin ab-havasından məmnunluğunu ifadə edib.
Festival ərazisini gəzərək müxtəlif məhsullarla tanış olduğunu və bəzilərinin dadına baxdığını bildirən Kulikova deyib: “Çox gözəldir, əsl bayram ab-havası var. Çox maraqlıdır. Ümumilikdə ərazini gəzdik, stendləri bir-bir dolaşdıq, məhsullara baxdıq, hətta bəzilərinin dadına da baxdıq. Çox gözəl idi”.
Bu cür tədbirlərin daha tez-tez təşkil olunmasını istədiyini bildirən Kulikova festival və yarmarkaların sayının artmasını arzulayıb.
Azərbaycan Dövlət Turizm Agentliyinin və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, “Absheron Olive Gardens” və “Olivea” şirkətlərinin sponsorluğu ilə təşkil olunan Zeytun Festivalı oktyabrın 25-dək ziyarətçilərini qəbul etməyə davam edəcək.




