
23 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Qaz İstismar Sahəsi” və “Ağstafa şəhər” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın siyasi həyatında mühüm əhəmiyyət daşıyan hadisələrdən biri kimi ölkənin gələcək inkişaf istiqamətlərinin, qarşıda duran vəzifələrin və siyasi fəaliyyət prioritetlərinin müzakirəsi baxımından xüsusi yer tutur. Qurultayda Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı dövlətçilik ənənələri, milli maraqlar, ölkənin inkişaf strategiyası və müasir dövrün çağırışları kontekstində diqqət çəkir.
Daha sonra çıxış edən natiqlər – “Qaz İstismar Sahəsi” Ərazi Partiya Təşkilatının sədri Vüsal Əsgərov və partiya fəalı Əmirxan Əhmədov bildiriblər ki, Azərbaycanın müstəqil dövlət kimi mövqeyinin möhkəmləndirilməsi, milli maraqların qorunması və cəmiyyətin qarşısında duran mühüm vəzifələrin müəyyənləşdirilməsi ölkənin siyasi gündəliyində əsas istiqamətlərdəndir. Bu baxımdan YAP-ın VIII Qurultayı partiyanın fəaliyyətinin qiymətləndirilməsi, gələcək prioritetlərin müəyyənləşdirilməsi və yeni mərhələnin tələblərinə uyğun vəzifələrin müzakirəsi üçün əhəmiyyətli platforma kimi çıxış edir.




