
25 oktyabr Azərbaycan xalqının yaddaşında qürur və qəhrəmanlıq günü kimi yaşayır. 2020-ci il oktyabrın 25-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Qubadlı şəhərini işğaldan azad etdi. Bu tarixi hadisə Vətən müharibəsində qələbəmizi yaxınlaşdıran mühüm hərbi-strateji nailiyyətlərdən biri oldu.
Prezident İlham Əliyev Qubadlının azad edilməsinin əhəmiyyətini vurğulayaraq bildirmişdir: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.
İşğal dövründə Qubadlı rayonunun yaşayış məntəqələri, tarixi-mədəni abidələri və infrastrukturu ciddi dağıntılara məruz qalmışdı. Lakin Azərbaycan xalqının iradəsi və dövlətimizin qətiyyəti nəticəsində bu torpaqlar azadlığına qovuşdu. Qubadlının azad edilməsi yalnız hərbi qələbə deyil, həm də tarixi ədalətin bərpası idi.
Bu gün Qubadlıda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Yeni yolların çəkilməsi, yaşayış məhəllələrinin salınması və müasir infrastrukturun yaradılması şəhərin gələcək inkişafına xidmət edir. 25 Oktyabr – Qubadlı Şəhəri Günü xalqımızın qəhrəmanlıq salnaməsinin unudulmaz səhifələrindən biridir. Bu gün azadlığın, milli birliyin və doğma torpaqlara qayıdışın rəmzi kimi qeyd olunur.
Emilya Abdullayeva,
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı



