GündəmSiyasət

25 Oktyabr – Qubadlı Şəhəri Günü

25 Oktyabr – Qubadlı Şəhəri Günü Azərbaycanın ərazi bütövlüyünün bərpasını, xalqımızın qələbə əzmini və doğma torpaqlara qayıdışını təcəssüm etdirən əlamətdar gündür.

Qubadlı rayonu 1933-cü ildə yaradılmışdır. Rayon Azərbaycanın cənub-qərbində, Qarabağ bölgəsində yerləşir. Qubadlı zəngin təbiəti, tarixi abidələri və milli-mənəvi dəyərləri ilə seçilən qədim yurd yerlərimizdəndir

1993-cü il avqustun 31-də Qubadlı şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayonun yaşayış məntəqələri dağıdılmış, əhali doğma yurdlarından didərgin düşmüşdür.

2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusunun qəhrəmanlığı və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qubadlı şəhəri işğaldan azad edilmişdir. Bu tarixi hadisə Vətən müharibəsində qazanılan böyük Zəfərin mühüm mərhələlərindən biri olmuşdur.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr – Qubadlı şəhəri günü kimi müəyyən olub. Hər il bu gün xalqımız tərəfindən qürur və fəxarət hissi ilə qeyd olunur.

Bu gün Qubadlıda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Doğma torpaqlarına qayıdan insanların təhlükəsiz və rahat yaşayışı üçün yeni yollar, yaşayış evləri, sosial obyektlər və infrastruktur yaradılır. Bu işlər Azərbaycanın öz torpaqlarında həyatın yenidən canlandırılmasına verdiyi önəmin göstəricisidir.

Qubadlı Şəhəri Günü bizə Vətən sevgisini, milli birliyi, qəhrəman şəhidlərimizin fədakarlığını və dövlətimizin gücünü xatırladır. Bu qələbə Azərbaycan xalqının iradəsinin və mübarizə əzminin təntənəsidir.

Ləman Cəlilova,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru

Oxşar Xəbərlər

Back to top button