AnalitikaGündəmSiyasət

Zəngilanın dirçəlişi: İşğaldan azadlıq və quruculuq

Uzun illər işğal altında qalan, düşmənin dağıdıcı siyasətinə məruz qalan Zəngilan 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində azadlığına qovuşdu. Bu gün Zəngilan şəhərində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, doğma yurda qayıdan insanların məskunlaşması Azərbaycanın gücünü, xalqımızın əzmini və gələcəyə inamını nümayiş etdirir.
1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri Zəngilan rayonunu işğal etmiş, həmin dövrdə cəbhədə yaranmış ağır vəziyyət, Ermənistanın hərbi təcavüzü və ətraf rayonların işğalı Zəngilan əhalisini doğma yurdunu tərk etmək məcburiyyətində qoymuşdur. On minlərlə insan öz evindən, torpağından didərgin düşərək Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmışdı.
Zəngilanlıların yaddaşında doğma evlərindən ayrılmağın ağrısı, illərlə geri dönüş həsrəti yaşamış, lakin öz torpaqlarına qayıtmaq əzmi heç vaxt sönməmişdir.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcı oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında böyük qəhrəmanlıq göstərərək işğal altındakı torpaqlarımızı azad etdi.
2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusu Zəngilan şəhərini və rayonun bir sıra kəndlərini işğaldan azad etdi. Bu xəbər bütün ölkədə böyük sevinc və qürur hissi ilə qarşılandı. Zəngilanın azad edilməsi hərbi baxımdan da mühüm əhəmiyyət daşıyırdı: bu uğur Azərbaycanın cənub istiqamətində mövqelərini möhkəmləndirdi, sonrakı əməliyyatlar üçün əlverişli şərait yaratdı və Qubadlı istiqamətində irəliləyişə imkan verdi.
Azadlığın rəmzi olan üçrəngli Azərbaycan Bayrağı 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev tərəfindən Zəngilanda ucaldıldı.
Zəngilanın azad olunmasından sonra qarşıda duran əsas vəzifə dağıdılmış şəhər və kəndləri yenidən qurmaq, keçmiş məcburi köçkünlərin təhlükəsiz və layiqli yaşayışını təmin etmək, bölgənin iqtisadi potensialını bərpa etmək idi. Dövlətimizin başçısının rəhbərliyi ilə bu istiqamətdə genişmiqyaslı işlərə başlanıldı.
2021-ci il oktyabrın 20-də Zəngilan şəhərinin Baş planının hazırlanması ilə bağlı sərəncam imzalandı. Şəhərin gələcək inkişafı müasir şəhərsalma prinsipləri, ekoloji tarazlığın qorunması və bölgənin strateji coğrafi mövqeyi nəzərə alınmaqla planlaşdırıldı.
Zəngilanın dirçəlişində rayonun kəndlərinin bərpası da mühüm yer tutur. Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışın ilk nümunələrindən biri oldu. Müasir yaşayış evləri, sosial obyektlər, mühəndis infrastrukturu və yeni texnologiyaların tətbiqi ilə qurulan Ağalı kəndi insanların doğma torpaqlarına qayıdışına real imkan yaratdı.
Bu gün Zəngilanın hər bir küçəsi, hər bir yeni binası və doğma yurduna qayıdan hər bir ailəsi xalqımızın sarsılmaz iradəsinin göstəricisidir. Şəhərin dirçəlişi bir daha təsdiqləyir ki, Azərbaycan öz torpaqlarını azad etməklə yanaşı, onları yenidən qurmaq, insanlara firavan həyat bəxş etmək gücünə də malikdir. Zəngilanın gələcəyi artıq işğalın acı xatirələri ilə deyil, sülh, inkişaf, quruculuq və Böyük Qayıdışın uğurları ilə yazılır.

Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button