AnalitikaGündəmSiyasət

Bakıdan Asiyaya uzanan əməkdaşlıq

2026-cı il oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünün keçirilməsi Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarında artan iştirakını və çoxtərəfli diplomatiyaya verdiyi əhəmiyyəti nümayiş etdirən mühüm hadisələrdən biri oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin zirvə görüşündəki çıxışı Asiya dövlətləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, siyasi dialoqun genişləndirilməsi, iqtisadi əlaqələrin inkişafı və beynəlxalq hüququn prinsiplərinə hörmət məsələlərini əhatə etdi. Müxtəlif dövlətlərin rəhbərlərini və nümayəndə heyətlərini bir araya gətirən bu tədbir regional əməkdaşlığın gələcək istiqamətlərinin müzakirəsi baxımından əhəmiyyət daşıyırdı.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın müstəqil xarici siyasətinin əsas prinsiplərinə toxunaraq dövlətlərin suveren bərabərliyi, daxili işlərinə qarışmamaq, ərazi bütövlüyünə və suverenliyə hörmət məsələlərini önə çəkdi. Dövlət başçısı Azərbaycanın Asiya ilə Avropanın kəsişməsində yerləşməsinin ölkəmizə geniş əməkdaşlıq imkanları yaratdığını vurğuladı. Azərbaycanın müxtəlif dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə qurduğu əlaqələr onun beynəlxalq münasibətlər sistemindəki rolunu müəyyənləşdirən amillərdəndir. Bu yanaşma göstərir ki, müasir dövrdə dövlətlərin inkişafı yalnız daxili imkanlardan deyil, həm də qarşılıqlı faydaya əsaslanan tərəfdaşlıq münasibətlərindən asılıdır.

Zirvə görüşündə səsləndirilən mühüm məsələlərdən biri beynəlxalq hüququn norma və prinsiplərinin ardıcıl tətbiq olunması idi. Prezident İlham Əliyev Azərbaycanın uzun illər ərzində üzləşdiyi işğal və ərazi bütövlüyünün pozulması məsələlərini xatırladaraq beynəlxalq təşkilatların qəbul etdiyi qərarların həyata keçirilməsinin vacibliyini diqqətə çatdırdı. Dövlət başçısının fikirlərində əsas məqamlardan biri ondan ibarət idi ki, beynəlxalq səviyyədə qəbul olunan sənədlər yalnız kağız üzərində qalmamalı, onların icrasını təmin edən səmərəli mexanizmlər mövcud olmalıdır. Bu məsələ təkcə Azərbaycanın təcrübəsi baxımından deyil, bütövlükdə beynəlxalq münasibətlərdə ədalətin və davamlı sülhün qorunması nöqteyi-nəzərindən də diqqətəlayiqdir.

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra Ermənistanla sülh münasibətlərinin qurulmasına tərəfdar olduğunu da vurğuladı. Dövlət başçısı qeyd etdi ki, müharibə Azərbaycanın seçimi olmayıb, ölkəmiz öz ərazi bütövlüyünü və suveren hüquqlarını təmin etmək məcburiyyətində qalıb. Bununla yanaşı, Azərbaycan sülhün əldə olunması və möhkəmləndirilməsi istiqamətində mövqeyini ortaya qoyub. Prezidentin çıxışında səslənən fikirlər davamlı sülhün təmin olunması üçün qarşılıqlı məsuliyyətin, beynəlxalq hüquqa hörmətin və əldə edilmiş razılaşmaların qorunmasının vacibliyini ön plana çıxarırdı.

Zirvə görüşünün diqqət çəkən istiqamətlərindən biri də Azərbaycanın AQEM-ə sədrliyi dövründə həyata keçirilən təşəbbüslər və təşkilatın institusional inkişafı oldu. İlham Əliyev Azərbaycanın sədrliyi müddətində nəqliyyat əlaqələrinin gücləndirilməsi, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirildiyini bildirdi. Bu istiqamətlər müasir dünyanın qarşısında duran çağırışlara birgə cavab verilməsi, dövlətlər arasında təcrübə mübadiləsinin artırılması və yeni inkişaf imkanlarının yaradılması baxımından əhəmiyyətlidir. Xüsusilə rəqəmsal texnologiyaların inkişafı və nəqliyyat bağlantılarının genişləndirilməsi Asiya ölkələri arasında iqtisadi münasibətlərin daha da dərinləşməsinə şərait yarada bilər.

Yalçın İsmayılov,
YAP Ağstafa rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button