Yasamal rayonunda şagird və tələbə adını yeni qazanmış şəhid övladları ilə görüş keçirilib

Yasamal Rayon İcra Hakimiyyətində 2026/2027-ci tədris ilində rayon üzrə şagird və tələbə adını yeni qazanmış şəhid övladları ilə görüş keçirilib. Görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkialtının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin və YAP Yasamal rayon təşkilatının əməkdaşları, rayon üzrə şagird və tələbə adını yeni qazanmış şəhid övladları və onların valideynləri iştirak edib.
Görüşdə il öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki,
bu gün Yasamal rayonunda şəhid ailələrinin üzvləri ilə görüşmək bizim üçün böyük mənəvi əhəmiyyət daşıyır. Azərbaycanın əldə etdiyi tarixi Zəfərlər məhz Vətən uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı ilə əbədi bağlıdır. Şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın yaddaşında daim yaşayır və onların ailələrinə göstərilən diqqət dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Əldə olunan böyük qələbələr Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını təmin etdi. Bu Zəfər xalqımızın milli iradəsinin, ordumuzun gücünün və şəhidlərimizin fədakarlığının parlaq təcəssümüdür. Bu gün isə şəhidlərimizin övladlarının həyatında mühüm mərhələlərin başlanmasının sevincini birlikdə bölüşürük. Onların orta məktəbin birinci sinfinə qədəm qoyması hər birimiz üçün qürurverici hadisədir. Eyni zamanda şəhid övladlarının ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunması onların gələcək həyatında mühüm addımdır. Başda Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva olmaqla dövlətimiz şəhid ailələrinin sosial rifahının yüksəldilməsi, onların problemlərinin həlli və övladlarının layiqli gələcəyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu siyasət şəhid ailələrinə olan yüksək ehtiramın və milli həmrəyliyimizin bariz göstəricisidir. Çıxış sonunda şagird və tələbələr təbrik edilib, onlara gəəcəkdə uğurlar arzulanıb.
YAP Yasamal rayon təşkialtının sədri Bəxtiyar Nəbiyev çıxış edərək bildirib ki, şəhid ailələri ilə keçirilən hər bir görüş bizim üçün həm məsuliyyət, həm də böyük mənəvi dəyər daşıyır. Azərbaycan xalqı şəhidlərinin fədakarlığını heç zaman unutmur və onların əziz xatirəsini daim uca tutur. Ölkəmizin son illərdə qazandığı möhtəşəm nailiyyətlərin təməlində xalqımızın birliyi, dövlətimizin gücü və qəhrəman şəhidlərimizin müqəddəs irsi dayanır. Ordumuzun qazandığı parlaq Qələbələr Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrilib. Şəhidlərimizin canı və qanı bahasına əldə olunan bu Zəfər gələcək nəsillərə əbədi miras olaraq qalacaq. Bu gün həmin qəhrəmanların övladlarının təhsil həyatında yeni mərhələyə qədəm qoyması xüsusi qürur hissi yaradır. Məktəbə ilk dəfə qədəm qoyan balacalarımız üçün bu gün yeni biliklərin və böyük arzuların başlanğıcıdır. Ali məktəblərə qəbul olunan şəhid övladları üçün isə qarşıda daha geniş imkanlar və məsuliyyətli tələbəlik illəri dayanır. Başda Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva olmaqla dövlətimiz şəhid ailələrinin sosial müdafiəsini daim diqqət mərkəzində saxlayır və onların rifahının yaxşılaşdırılması üçün mühüm addımlar atır. Şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial təminatının gücləndirilməsi və övladlarının təhsil imkanlarının genişləndirilməsi bu qayğının mühüm istiqamətlərindəndir. İnanıram ki, bu uşaqlar və gənclər yüksək biliklərə yiyələnərək gələcəkdə ölkəmizin inkişafına öz töhfələrini verəcəklər. Çıxışın sonunda şəhid övladlarına təhsil yolunda uğurlar, yüksək nəticələr və parlaq gələcək arzu edilib.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısının müavini Təravət Muradova çıxış edərək vurğulayıb ki, bu gün burada şəhid ailələrinin övladlarının həyatında mühüm və yaddaqalan hadisələri qeyd etmək üçün toplaşmışıq. Şəhidlərimizin əziz xatirəsi Azərbaycan dövlətinin və xalqının yaddaşında əbədi yaşayacaq. Onların Vətən qarşısındakı misilsiz xidmətləri və qəhrəmanlığı əldə etdiyimiz tarixi Zəfərlərin əsas mənəvi dayaqlarından biridir. Azərbaycanın ərazi bütövlüyünün bərpası şəhidlərimizin və qazilərimizin göstərdiyi misilsiz şücaətin nəticəsində mümkün oldu. Zəfərlə başa çatan mübarizənin ən qiymətli miraslarından biri də şəhid övladlarının firavan və layiqli gələcəyidir. Bu baxımdan onların təhsilə başlaması və ali məktəbə qəbul olunması bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Məktəbin birinci sinfinə qədəm qoyan hər bir şəhid övladının sevincini bu gün hamımız öz sevincimiz kimi paylaşırıq. Ali təhsil müəssisəsinə qəbul olunan gənclərimizin uğuru isə onların zəhmətinin və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Azərbaycan dövləti şəhid ailələrinə daim yüksək diqqət və qayğı göstərir və onların sosial məsələlərinin həllini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Bu qayğı şəhid ailələrinin rifahının yüksəldilməsində, onların sosial müdafiəsinin gücləndirilməsində və övladlarının gələcəyinin təmin olunmasında özünü aydın göstərir.
Sonda çıxış edən şəhid ailələrinin üzvləri göstərilən diqqətə, qayğıya və dəstəyə görə başda Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva olmaqla, Yasamal Rayon İcra Hakimiyyətinə və YAP Yasamal rayon təşkilatına öz minnətdarlıqlarını ifadə ediblər. Görüşdə tələbə və şagird adını yeni qazanmış şəhid övladlarına hədiyyələr təqdim edilib.
Görüşün sonunda xatirə şəkilləri çəkdirilib.















