AnalitikaDünyaGündəmSiyasət

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafında mühüm hadisədir

Prezident İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı verdiyi bəyanatda qeyd etmişdir ki, Daşkənd və bütövlükdə Özbəkistan hazırda böyük yüksəliş dövrünü yaşayır. Ölkə başçısı, Özbəkistana hər səfəri zamanı ölkədə sürətli inkişafın şahidi olduğunu bildirdi. Bu inkişafın müxtəlif sahələrdə, həm böyük layihələrdə, həm də gündəlik həyatda özünü göstərdiyi vurğulandı.

Özbəkistanın bugünkü inkişafında Prezident Şavkat Mirziyoyevin həyata keçirdiyi islahatların böyük rolu var. Özbəkistan rəhbərliyi ölkənin iqtisadi potensialını gücləndirmək, iqtisadiyyatı şaxələndirmək, sənayeni və kənd təsərrüfatını inkişaf etdirmək, yeni investisiyalar cəlb etmək istiqamətində mühüm addımlar atıb. Nəticədə ölkə iqtisadiyyatının müxtəlif sahələrində ciddi irəliləyişlər əldə olunub.

Prezident İlham Əliyevin səfəri zamanı Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri də xüsusi diqqət mərkəzində olub. İki ölkə arasında ticarət dövriyyəsinin bir milyard dollara çatdırılması məqsədi çox mühüm əhəmiyyət daşıyır. Bu hədəfin artıq uzaq bir arzu kimi deyil, yaxın illərdə həyata keçirilə biləcək real nəticə kimi qiymətləndirilməsi Azərbaycan və Özbəkistan arasındakı iqtisadi münasibətlərin nə qədər sürətlə inkişaf etdiyini göstərir.

Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq yalnız ticarətlə məhdudlaşmır. Hazırda enerji, nəqliyyat, investisiya, turizm, dağ-mədən sənayesi, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sahələrində müxtəlif layihələr həyata keçirilir. Bankçılıq sahəsində də əməkdaşlıq genişlənir. Azərbaycan banklarının Özbəkistan bazarına daxil olması və SOCAR-ın Özbəkistanın pərakəndə satış bazarında fəaliyyət göstərməsi əlaqələrin iqtisadi baxımdan daha da möhkəmləndiyini göstərir.

Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlərin ən böyük üstünlüklərindən biri bu əlaqələrin yalnız iqtisadi maraqlara deyil, həm də mənəvi və qardaşlıq bağlarına əsaslanmasıdır. Prezident İlham Əliyev də bu münasibətlərin həm mənəvi, həm də maddi təməl üzərində qurulduğunu vurğulayıb. Hər iki dövlətin məqsədi öz xalqlarının rifahını yüksəltmək, iqtisadi inkişafı təmin etmək və qarşılıqlı əməkdaşlığı daha da genişləndirməkdir.

Azərbaycan üçün Özbəkistanın Qarabağın və Şərqi Zəngəzurun bərpasında iştirakı da xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qarabağa investisiyaların cəlb edilməsində xüsusi rolunu qeyd edib. Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikilməsi və Xankəndidə tikiş fabrikinə investisiya qoyulması Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstəyin mühüm nümunələridir.

Bu layihələrin mənəvi əhəmiyyəti də çox böyükdür. Çünki Qarabağın yenidən qurulmasında qardaş Özbəkistanın iştirak etməsi iki xalq arasındakı dostluğun yalnız sözlərdən ibarət olmadığını göstərir. Bu, çətin və mühüm bir dövrdə Azərbaycanın yanında olmaq, onun inkişafına və quruculuq prosesinə töhfə vermək deməkdir.

Səfər çərçivəsində regionlararası əməkdaşlıq məsələləri də müzakirə olunub. Bu əməkdaşlıq yalnız Bakı və Daşkənd arasında deyil, hər iki ölkənin müxtəlif bölgələri arasında da inkişaf etdikcə xalqlarımız bir-birinə daha da yaxınlaşacaq. Regionlararası əlaqələrin genişləndirilməsi yeni investisiyaların, biznes əlaqələrinin, turizm imkanlarının və birgə layihələrin artmasına şərait yarada bilər.

Azərbaycan və Özbəkistanın Mərkəzi Asiya və Azərbaycan arasında daha geniş əməkdaşlıqda mühüm rolu var. Prezident İlham Əliyev Azərbaycan ilə Mərkəzi Asiya ölkələrinin böyük potensiala və inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi region olduğunu bildirib. Bu yanaşma gələcək üçün çox əhəmiyyətlidir. Çünki Azərbaycan həm coğrafi mövqeyinə, həm nəqliyyat imkanlarına, həm də iqtisadi potensialına görə Mərkəzi Asiya ilə Avropa arasında əlaqələrin inkişafında mühüm rol oynaya bilər.

Səfərin digər mühüm hadisələrindən biri Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasının Daşkənddə keçirilməsi olub. Bundan başqa, Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi də baş tutub. Prezident Şavkat Mirziyoyev Prezident İlham Əliyevi ali dərəcəli “Dostluq” ordeni ilə təltif edib, Prezident İlham Əliyev isə Özbəkistan Prezidentinə “Heydər Əliyev” ordenini təqdim edib. Bu təltiflər iki dövlət başçısı arasında şəxsi dostluq və qarşılıqlı hörmətin yüksək səviyyədə olduğunu göstərir.

Səfər zamanı iki ölkə arasında müxtəlif sənədlərin imzalanması və mübadiləsi də həyata keçirilib. Bu sənədlər gələcək əməkdaşlığın hüquqi və praktiki əsaslarının daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.

Prezident İlham Əliyevin səfər zamanı qeyd etdiyi kimi, layihələr yalnız paytaxtlarla məhdudlaşmır, müxtəlif bölgələrdə də həyata keçirilir. İnvestisiya fondları, turizm infrastrukturu, avtomobil sənayesi və digər sahələrə yönələn layihələr böyük iqtisadi imkanlar yaradır. Bu layihələrin həyata keçirilməsi həm Azərbaycan, həm də Özbəkistan üçün yeni iş yerlərinin açılması, istehsalın artması və iqtisadi inkişafın sürətlənməsi baxımından əhəmiyyətlidir.

İnvestisiyaların əsasən dost və qardaş ölkələrə yönəldilməsi də təsadüfi deyil. Bunun üçün qarşılıqlı etimad və əlverişli investisiya mühiti lazımdır. Prezident İlham Əliyev Özbəkistanda aparılan islahatların ölkədə belə bir investisiya mühitinin formalaşmasına kömək etdiyini qeyd edib. Bu isə xarici investorların Özbəkistana marağının artmasına şərait yaradır.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafında mühüm hadisədir. Bu səfər zamanı əldə olunan razılaşmalar, imzalanan sənədlər, yeni layihələr və qarşılıqlı əməkdaşlıq planları gələcək üçün böyük ümidlər yaradır.

Azərbaycan və Özbəkistanın birgə həyata keçirdiyi layihələrin sayı artdıqca, ölkələrimiz arasında əməkdaşlığın coğrafiyası da genişlənəcək. Mən əminəm ki, bu əməkdaşlıq yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün də böyük əhəmiyyət daşıyacaq. Qardaş Azərbaycan və Özbəkistanın birlikdə atdığı hər bir addım regionun inkişafına, xalqlarımızın rifahına və qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.

Emilya Abdullayeva,
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button