Tarixi ədalətin təntənəsi

26 avqust Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış şanlı zəfər günlərindən biridir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilən Laçın Şəhəri Günü təkcə bir təqvim tarixi deyil, eyni zamanda 30 ilə yaxın davam edən haqsızlığın, işğalın və tarixi ədalətsizliyin sona çatmasının rəmzidir. Qədim Şərq qapısı, strategiyası və füsunkar təbiəti ilə tanınan Laçın torpağının öz həqiqi sahiblərinə qayıtması Azərbaycan xalqının bükülməz iradəsinin, dövlətimizin qüdrətinin və müzəffər ordumuzun qəhrəmanlığının məntiqi nəticəsidir.
Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdu. Laçının işğalı yalnız bir rayonun itirilməsi deyil, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında coğrafi bağlantının yaranması, strateji dəhlizin ələ keçirilməsi demək idi. İşğal nəticəsində 60 mindən çox Laçın sakini doğma ocaqlarından didərgin düşdü, yüzlərlə mədəni, tarixi və dini abidə, təhsil və səhiyyə müəssisəsi yerlə-yeksan edildi. Rayonun zəngin meşə örtüyü, təbii ehtiyatları və biomüxtəlifliyi illərlə davam edən ekoloji terrora məruz qaldı. Lakin bu ağır illər ərzində laçınlılar bir an belə ümidlərini itirmədilər, doğma Yurd həsrəti ilə yaşadılar və o günün gələcəyinə qətiyyətlə inandılar.
2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən Müharibəsi Azərbaycanın hərbi və diplomatik gücünü bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz döyüş meydanında düşmənə sarsıdıcı zərbələr endirdi. Laçın rayonunun cənub hissəsi və strateji yüksəklikləri, o cümlədən Qubadlı və Cəbrayıl istiqamətindən irəliləyən qəhrəman əsgərlərimizin rəşadəti sayəsində azad edildi. Hərbi müstəvidə əldə edilən parlaq qələbə Ermənistanı təslim olmağa və üçtərəfli bəyanatı imzalamağa məcbur etdi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Yunis Eyyubov,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı



