
Bildiyimiz kimi, bütün dünyada qeyd olunan 8 Mart – Beynəlxalq Qadınlar Bayramı da 1857-ci ildə Nyu-Yorkda 12 saatlıq iş gününə etirazı ilə başlanan qadınların hərəkatının tarixi ilə bağlıdır. Onların öz hüquqları üçün başladıqları mübarizə 1910-cu ildə alman sosialist qadın Klara Setkinin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olması ilə nəticələnib. 1977-ci ildə isə BMT bu günü qadın günü kimi rəsmiləşdirib. Qadınlar bayramı Azərbaycanda da həmişə geniş qeyd edilir və xüsusi bir təntənə ilə keçirilir. ölkəmizin daxil olduğu keçmiş SSRİ-də 8 Mart – Beynəlxalq Qadınlar Günü 1965-ci ildən istirahət günü elan olunub. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra da 8 Mart ölkəmizdə qeyri-iş günüdür. Beləliklə, ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın və Ana adı ölkəmizdə həmişə uca tutulmuşdur.
Azərbaycan qadını hər zaman Şərq dünyası üçün bir inkişaf etalonu olmuşdur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququnun verilməsi, əslində, cəmiyyətin qadın intellektinə və vətəndaşlıq mövqeyinə olan etimadının təzahürü idi. Bu günün fəal qadını həmin irsin varisidir. O, bir tərəfdən klassik dəyərləri – ailəni, ana şəfqətini və milli adət-ənənəni qoruyur, digər tərəfdən isə qlobal dünyanın çağırışlarına cavab verən modern bir obraz yaradır.
Müasir dövrdə vətəndaşlıq həm də rəqəmsal məkanda və beynəlxalq müstəvidə ölkəni layiqincə təmsil etmək deməkdir. Azərbaycan qadını bu gün informasiya cəbhəsinin ön sıralarındadır. İstər sosial şəbəkələrdə, istərsə də beynəlxalq konfranslarda ölkəmizin haqlı səsini dünyaya çatdıran, Ermənistanın işğalçılıq siyasətinin fəsadlarını faktlarla ifşa edən xanımlarımız əsl vətəndaş fədakarlığı nümayiş etdirirlər. Onların diplomatik bacarığı, xarici dil bilikləri və sarsılmaz vətənpərvərliyi dövlətimizin yumşaq gücünün ən mühüm tərkib hissəsidir.
Bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu daha da artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısıdır və proses davam edir. Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2000-ci il tarixli Fərmanın icrası nəticəsində qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi getdikcə yüksələn xətt üzrə inkişaf edir.
Bu gün, Ümummilli Lider Heydər Əliyevin 6 mart 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmandan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qadınlar ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Azərbaycan Respublikasının birinci xanımı, UNESKO-nun, İSESKO-nın xoşməramlı səfiri, Birinci vitse-Prezident Mehriban Əliyeva istər ölkəmizdə, istərsə də, vətəndən uzaqlarda öz işi, bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir.
Hörmətli xanımlar Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinə cansağlığı, səadət və gələcək işlərində uğurlar arzulayıram.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı



