AnalitikaGündəmSiyasət

Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək böyük şərəfdir

Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib. Beynəlxalq əhəmiyyət daşıyan tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. Mərasim müxtəlif dinlərin, mədəniyyətlərin və dövlətlərin nümayəndələrini bir araya gətirərək sülh, dialoq və humanist dəyərlər ətrafında həmrəylik mesajı verib.

Tədbirin əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin dövlət himni səsləndirilib, ardınca “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məqsəd və fəlsəfəsini əks etdirən videoçarx nümayiş etdirilib. Daha sonra bir sıra ölkələrin dövlət və hökumət başçılarının videomüraciətləri təqdim olunub. Çıxışlarda mükafatın dünyada qarşılıqlı anlaşmanın, etimadın və sülh mədəniyyətinin təşviqində mühüm rol oynadığı vurğulanıb.

Videomüraciətlərdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh prosesinə verdikləri töhfələr xüsusi qeyd edilib. Bildirilib ki, uzun illər davam edən qarşıdurmadan sonra tərəflərin dialoq yolu ilə razılığa gəlməsi Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev mərasimdəki çıxışında bu nüfuzlu mükafata layiq görülməsini böyük şərəf kimi qiymətləndirib. O, Birləşmiş Ərəb Əmirliklərinin banisi Şeyx Zayed bin Sultan Al Nəhyanın tolerantlıq, sülh və insan qardaşlığı ideyalarının müasir dünyada xüsusi aktuallıq daşıdığını vurğulayıb. Dövlət başçısı qeyd edib ki, bu ideyalar bu gün BƏƏ-nin uğurlu inkişaf modelində və beynəlxalq humanist təşəbbüslərində öz əksini tapır.

Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmanın asan başa gəlmədiyini, lakin güclü siyasi iradə və beynəlxalq dəstək sayəsində sülhün mümkün olduğunu bildirib. Onun sözlərinə görə, artıq bir neçə aydır ki, iki ölkə arasında qarşılıqlı etimadın bərpası, iqtisadi və humanitar əlaqələrin qurulması istiqamətində real addımlar atılır. Bu proses region üçün yeni əməkdaşlıq imkanları yaradır. Dövlət başçısı çıxışında sülh sazişinin əldə olunmasında beynəlxalq tərəfdaşların roluna da toxunaraq, bu istiqamətdə göstərilən səylərə görə təşəkkürünü ifadə edib. O, əldə olunan razılaşmanın təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün əhəmiyyətli olduğunu bildirib və bu təcrübənin digər münaqişələr üçün də nümunə ola biləcəyini qeyd edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan çıxışında bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin eyni mükafata layiq görülməsi bir vaxtlar mümkün görünmürdü. Onun sözlərinə görə, bu mükafat münaqişənin artıq geridə qaldığını və tərəflərin gələcəyə baxmağa hazır olduqlarını göstərir. O, həmçinin beynəlxalq ictimaiyyətin bu prosesə verdiyi dəstəyin vacibliyini vurğulayıb.

Mərasimdə mükafatın digər laureatları da çıxış edərək, insan hüquqları, humanitar yardım və sülh quruculuğu sahəsində həyata keçirdikləri fəaliyyət barədə məlumat veriblər. Tədbirin sonunda Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevə və digər mükafat sahiblərinə “Zayed İnsan Qardaşlığı Mükafatı”nı təqdim edib.

Siyasət Həsənov,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button