AnalitikaGündəmSiyasət

Suvarma layihələrinin genişləndirilməsi kənd təsərrüfatının inkişafına güclü təkan vermişdir

Son 20 il ərzində Azərbaycanda su təsərrüfatının inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir. Bu sahədə həyata keçirilən iri miqyaslı layihələr ölkənin sosial-iqtisadi inkişafına, əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə və ekoloji təhlükəsizliyin təmin olunmasına mühüm töhfə vermişdir. Məhz Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində su ehtiyatlarının səmərəli idarə olunması istiqamətində ciddi nailiyyətlər əldə edilmişdir.Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində dörd böyük su anbarı inşa edilmiş və bu anbarların ümumi potensialı 500 milyon kubmetrdən artıq olmuşdur. Bu, Azərbaycanın su təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Xüsusilə “Taxtakörpü” və “Şəmkirçay” su anbarları həm içməli su təchizatında, həm də kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Əgər bu layihələr vaxtında icra edilməsəydi, bu gün həm Bakı şəhəri, həm də ölkənin qərb bölgələri ciddi su qıtlığı ilə üzləşə bilərdi.

“Taxtakörpü” su anbarının istifadəyə verilməsi Samur çayının sularının Ceyranbatan su anbarına yönləndirilməsinə imkan yaratmış, bununla da Bakı və Abşeron yarımadası üçün etibarlı su ehtiyatı formalaşdırılmışdır. Eyni zamanda, Ceyranbatan su anbarı tamamilə yenidən qurulmuş, burada müasir təmizləyici qurğular kompleksi inşa edilmişdir. Bu addımlar paytaxt əhalisinin keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunmasına xidmət edir və birbaşa Prezident İlham Əliyevin sosialyönümlü siyasətinin təzahürüdür.İçməli su və kanalizasiya layihələri də dövlət başçısının daim diqqət mərkəzində olmuşdur. Uzun illər ərzində insanların gündəlik həyatında ciddi problemlər yaradan bu məsələ tədricən öz həllini tapmışdır. Bu gün Azərbaycanın əksər şəhər və rayonlarında içməli su və kanalizasiya sistemləri ya tamamilə yenidən qurulmuş, ya da əsaslı şəkildə modernləşdirilmişdir. Bu proses hazırda da davam etdirilir və regionların dayanıqlı inkişafına xidmət edir.
Suvarma layihələrinin genişləndirilməsi kənd təsərrüfatının inkişafına güclü təkan vermişdir. Yeni su anbarları və kanallar minlərlə hektar torpağın dövriyyəyə daxil olmasına, məhsuldarlığın artmasına və fermerlərin sosial rifahının yaxşılaşmasına şərait yaratmışdır. Prezident İlham Əliyevin aqrar sektora verdiyi xüsusi önəm su infrastrukturunun inkişafı ilə birbaşa bağlıdır və bu siyasət regionlarda məşğulluğun artırılmasına da mühüm təsir göstərmişdir.Ümumilikdə, son 20 ildə həyata keçirilən su layihələri göstərir ki, Prezident İlham Əliyev yalnız bu günün deyil, gələcək nəsillərin də maraqlarını nəzərə alan strateji yanaşma ortaya qoyur. Su ehtiyatlarının qorunması, düzgün idarə olunması və ədalətli bölgüsü ölkənin davamlı inkişafının əsas sütunlarından biridir. Bu sahədə əldə edilən uğurlar Azərbaycanın güclü dövlət idarəçiliyinin və düşünülmüş siyasətinin bariz nümunəsidir.

Pərvin Cəfərli,
Yeni Azərbaycan Partiyası,məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button