AnalitikaGündəmSiyasət

25 Noyabr Azərbaycanda Kəlbəcər şəhəri günüdür

Azərbaycan Respublikasında 25 noyabr tarixinin Kəlbəcər şəhəri günü kimi qeyd olunması dövlətçilik tariximizin, Vətən müharibəsində qazanılan möhtəşəm zəfərin və Azərbaycanın ərazi bütövlüyünün bərpasının rəmzi olaraq xüsusi əhəmiyyət daşıyır. Bu gün, həmçinin Kəlbəcərin tarixi irsinin, strateji mövqeyinin, mədəni və təbii sərvətlərinin yenidən dirçəlişinin təntənəsidir.

Kəlbəcər bölgəsi qədim dövrlərdən Azərbaycan mədəniyyətinin mühüm tərkib hissəsi olmuş, zəngin arxeoloji tapıntıları, qədim yaşayış məskənləri və dini–mədəni abidələri ilə seçilmişdir. Azərbaycanın ən yüksək və çətin relyefə malik dağ rayonlarından biri kimi Kəlbəcər əsrlər boyu strateji əhəmiyyət daşıyıb. Rayon 1930-cu ildə inzibati vahid kimi formalaşdırılmışdır.

1993-cü il 2 aprel tarixində Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Kəlbəcər işğal edilmiş, əraziyə qarşı qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirilmişdir. BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsi işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, Ermənistan uzun illər bu tələblərə məhəl qoymamışdır.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı zəfəri nəticəsində Kəlbəcərin azad olunması ölkəmiz üçün xüsusi strateji əhəmiyyət kəsb etmişdir. Üçtərəfli Bəyanatın imzalanması ilə Kəlbəcərin boşaldılması Ermənistanın uzun illər törətdiyi dağıntıların miqyasını üzə çıxarmış, erməni vandalizminin növbəti faktları aşkar edilmişdir. Həmin il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilərək qəhrəman əsgər və zabitlərimizin şücaəti yüksək qiymətləndirilmişdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Kəlbəcərə səfərləri bölgənin bərpasına, infrastrukturun yenidən qurulmasına və sosial-iqtisadi inkişafın sürətləndirilməsinə xidmət edən çoxsaylı layihələrin icrası ilə müşayiət olunur. 2021–2025-ci illər ərzində aparılan səfərlər zamanı dövlət başçısı tərəfindən yüzlərlə kilometr avtomobil yollarının, uzunluqları on kilometrlərlə ölçülən tunellərin, yeni yaşayış məhəllələrinin, məktəblərin, su elektrik stansiyalarının, “İstisu” Müalicə-İstirahət Kompleksinin, “İstisu” mineral su zavodunun və digər mühüm infrastruktur obyektlərinin təməlləri qoyulmuş və açılış mərasimləri keçirilmişdir.

“Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” bölgənin müasir standartlara uyğun şəkildə, ekoloji dayanıqlıq prinsipləri əsasında yenidən qurulmasını hədəfləyir. Artıq 524 ailəlik yaşayış kompleksinin, Yanşaq, Zallar, Zar kimi kəndlərin bərpası üzrə layihələrin icrası davam etdirilir. Ümumilikdə minlərlə ailənin doğma yurdlarına qayıdışı planlaşdırılır.

Bu gün Kəlbəcər təkcə Azərbaycanın təbii sərvətlərlə zəngin bölgəsi deyil, həm də Vətən müharibəsində əldə olunan tarixi qələbəmizin, milli iradə və dövlət gücünün parlaq simvoludur. 25 Noyabr – Kəlbəcər şəhəri günü Azərbaycan xalqının birliyi, yenidənqurma əzmi və gələcəyə inamının təcəssümüdür.

Azər Əhmədov,
YAP Mirəsədulla Mirqasımov küçəsi 2 ( RPM PHŞ) üzrə ƏPT sədri, “Respublika Pediatriya Mərkəzi” PHŞ-in direktoru

Oxşar Xəbərlər

Back to top button