
Azərbaycan xalqının dövlətçilik salnaməsində elə tarixlər var ki, onlar sadəcə təqvim vərəqi deyil, bir millətin varlıq sənədi, mənəvi dirçəlişinin rəmzidir. 28 May – Müstəqillik Günü məhz belə bir zirvədir. 1918-ci ildə Şərqin ilk demokratik, hüquqi və dünyəvi parlament respublikası kimi doğulan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) bizə ən böyük yadigarı – üçrəngli, ay-ulduzlu bayrağımızı miras qoydu. Lakin bu gün həmin bayraq daha qürurla, daha uca zirvələrdə dalğalanır. Çünki o, artıq sadəcə müstəqilliyimizin deyil, həm də tarixi ədalətin və böyük Zəfərin simvoludur.
Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz!” kəlamı onilliklər boyu xalqımızın azadlıq idealına çevrilmişdi. 1920-ci ildə süquta uğrayan Cümhuriyyətin bayrağı 1990-cı illərin əvvəllərində Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi ilə Naxçıvandan başlayaraq yenidən dövlət rəmzi kimi ucaldıldı. Ulu Öndər yaxşı bilirdi ki, müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir.
Bu gün biz qürurla deyə bilərik ki, AXC-nin 23 aylıq qısa, lakin şərəfli ömründə toxunmuş müstəqillik toxumları Prezident İlham Əliyevin rəhbərliyi altında möhtəşəm bir çinara çevrilib. Bu çinarın kökləri tariximizə, budaqları isə gələcəyimizə – azad Qarabağa, çiçəklənən Zəngəzura uzanır.
Prezident İlham Əliyevin Azərbaycan dövlətçilik tarixinə vurduğu ən böyük möhür, şübhəsiz ki, torpaqlarımızın işğaldan azad edilməsidir. 2020-ci ilin noyabrında Şuşada, Cıdır düzündə ucaldılan o bayraq, əslində, 1918-ci ilin 28 mayında Gəncədə və Bakıda dalğalanan bayrağın mənəvi davamı idi. Bu, Azərbaycan Prezidentinin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.
Dövlət başçısının qeyd etdiyi kimi: “Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur.” Lakin bu gün fəxarətimiz ikiqatdır: biz həm o respublikanın varisləriyik, həm də o respublikanın yarımçıq qalmış arzularını tamamlayan, ərazi bütövlüyünü bərpa edən qalib bir xalqıq.
Müstəqillik sadəcə sərhədlər və qanunlar deyil; müstəqillik həm də milli ruhun azadlığıdır. Bu gün Xankəndidə, Xocalıda, Laçında dalğalanan bayrağımız gənc nəslə bir mesaj ötürür: Bu dövlət əbədidir, bu güc sarsılmazdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm hərbi, həm də siyasi müstəvidə elə bir mövqe qazanıb ki, artıq heç bir kənar qüvvə bizim suverenliyimizə kölgə sala bilməz. “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu günün dövlətçilik tariximizdəki yeri hüquqi baxımdan bir daha möhkəmləndirilib.
28 May – Müstəqillik Günü bu il fərqli bir atmosferdə qeyd olunur. İndi bizim üçün bu bayram həm də “Böyük Qayıdış”ın, dirçəlişin və milli qürurun təntənəsidir. Cümhuriyyətin yadigarı olan o müqəddəs bayraq indi işğaldan azad edilmiş hər bir qarış torpağımızda sülhün və zəfərin keşiyini çəkir.Biz bu gün azad və suveren Azərbaycanda yaşayırıqsa, buna görə tariximizin hər bir mərhələsinə, dövlətçiliyimizi qoruyan böyük şəxsiyyətlərimizə və canını fəda etmiş şəhidlərimizə borcluyuq.
Müstəqilliyimiz əbədi, bayrağımız hər zaman uca olsun!
Kərimova Nurəngiz,
Bakı Slavyan Universiteti, regionşünaslıq kafedrasının müəllimi



