AnalitikaGündəmSiyasət

Üçrəngli bayrağımız – milli qürurumuzun, dövlətçiliyimizin və müstəqilliyimizin əbədi rəmzi

Hər bir xalqın tarixində onun milli kimliyini, azadlıq istəyini, mübarizə əzmini və gələcəyə olan inamını özündə təcəssüm etdirən müqəddəs dəyərlər vardır. Azərbaycan xalqı üçün bu ali dəyərlərin ən önəmlilərindən biri də üçrəngli Dövlət Bayrağımızdır. Mavi, qırmızı və yaşıl rənglərin vəhdətindən yaranan bayrağımız xalqımızın milli ruhunu, tarixi keçmişini, mənəvi zənginliyini və müstəqil dövlətçilik iradəsini ifadə edir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü hər bir azərbaycanlı üçün qürur, fəxarət və milli birlik günüdür.

Azərbaycan Respublikasının Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Bu tarixi hadisə xalqımızın müstəqil dövlət qurmaq iradəsinin və milli özünüdərkinin mühüm təzahürü idi. Üçrəngli bayrağımız həmin dövrdən etibarən Azərbaycan xalqının azadlıq və istiqlal arzularının rəmzinə çevrildi. Xalq Cümhuriyyətinin süqutundan sonra bayrağımız dövlət atributu kimi istifadə olunmasa da, onun daşıdığı ideyalar və milli məna xalqımızın yaddaşında yaşamaqda davam etdi.

Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə milli dövlətçilik ənənələrinin bərpası istiqamətində mühüm addımlar atıldı. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız rəsmi olaraq qaldırıldı və Naxçıvanın dövlət bayrağı kimi qəbul edildi. Bu tarixi qərar müstəqilliyə gedən yolda mühüm siyasi hadisə olmaqla yanaşı, milli rəmzlərimizə verilən yüksək dəyərin göstəricisi idi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi.

Bayrağımızın hər bir rəngi özündə dərin fəlsəfi məna daşıyır. Mavi rəng türk mənşəyimizi və türkçülük ideyasını, qırmızı rəng müasirliyi, inkişafı və demokratik dəyərləri, yaşıl rəng isə islam sivilizasiyasına mənsubluğumuzu ifadə edir. Bayrağımızın üzərindəki ağ aypara və səkkizguşəli ulduz da milli tariximizlə bağlı mühüm rəmzi məna daşıyır. Bu rənglərin və simvolların bir araya gəlməsi Azərbaycan xalqının milli kimliyini, dünyagörüşünü və mənəvi dəyərlərini bütöv şəkildə əks etdirir.

Müstəqilliyimizin möhkəmləndirilməsi, dövlət atributlarımızın qorunması və milli ideologiyanın formalaşdırılması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının təşəbbüsü ilə ölkəmizdə Dövlət Bayrağına olan ehtiram daha da yüksəlmiş, bu müqəddəs rəmzin təbliği və gənc nəslə aşılanması dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. 2009-cu il noyabrın 17-də imzalanmış Sərəncamla hər il noyabrın 9-u Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Noyabrın 9-u sadəcə təqvimdə qeyd olunan bayram günü deyil. Bu tarix xalqımızın azadlıq mübarizəsinin, müstəqil dövlətçilik ənənələrinin, milli birliyinin və gələcəyə inamının rəmzidir. Üçrəngli bayrağımız şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı və milyonlarla azərbaycanlının Vətən sevgisi ilə daha da müqəddəsləşmişdir. Bu gün qürurla dalğalanan üçrəngli bayrağımız dünənimizin şərəfini, bu günümüzün qüdrətini və sabahımızın əzəmətini özündə birləşdirir. Bayrağımız daim yüksəklərdə dalğalansın, Azərbaycanımız müstəqil, suveren və qüdrətli dövlət kimi əbədi yaşasın!

Yalçın İsmayılov,    
YAP Ağstafa rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button